Tədbirdə çıxış edən Forumun prezidenti Osman Gündüz bildirdi ki, kütləvi beynəlxalq tədbirlərə tam hazır olmaq üçün informasiya texnologiyaları sahəsində mühüm addımlar atılmalıdır: «Biz bununla bağlı təkliflər paketi hazırlamışıq. Həmin paketdə göstərilən tədbirlər bunlardır
- Beynəlxalq tədbirlərdə ölkənin təbliğatında əsas rol oynayan amillərdən biri milli xəbər resurslarının vəziyyətinin yüksək olmasıdır.
- Azərbaycanla bağlı informasiya mənbələrinin əldə edilməsi əlçatan olmalıdır. Yəni, müxtəlif dillərlə portallar yaradılmalı, videolar yerləşdirilməlidir.
- İnternetin texniki-texnoloji vəziyyəti təhlil edilməlidir. Yəni nə dərəcədə dayanıqlı, müasir standartlara uyğundur».
O.Gündüzün sözlərinə görə, Bakı şəhərinin saytı təkmilləşməlidir: «Xüsusilə, beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulan şəhərin mükəmməl saytı olmalıdır. Təəssüf ki, bu sahədə ciddi problemlər var. Sosial şəbəkələrdə, youtube, vikipedia və sair bu kimi portallarda Azərbaycan və paytaxtla bağlı videoçarxlar yerləşdirilməlidir». O.Gündüz ən acınacaqlı vəziyyətin internetin keyfiyyətinin pis olaraq qalmasında görür.
Forumun eksperti Rüstəm Əliyev isə dedi ki, Azərbaycanın Almaniyadakı qəbələsindən sonra Google vasitəsilə ölkəmiz haqqında məlumat axtarışı 8 dəfə artıb: «Əsasən rus, ingilis, alman və yunan dillərində axtarışların sayı sürətlə artıb. Həmin əcnəbilərin yarısı Azərbaycanın harada yerləşdiyini axtarır. Təəssüf ki, bir çox internet resurslarımız dünya miqyasında ziyarətlərə hazır deyil. Məsələn, məşhur xəbər portallarının birində test elədik. Məlum oldu ki, həmin sayta 10 nəfər ziyarətçi girdiyi təqdirdə 5,4 saniyəyə, 30-60 ziyarətçi isə 6,15 saniyayə səhifəni aça bilərlər. Bu isə olduqca zəif sürət hesab olunur. Azərbaycandakı portallar yerli ziyarətçilər üçün hesablanıb. Müqayisə üçün deyək ki, Böyük Britaniyada internet portalının yüklənməsi 1 saniyədən dəfələrlə aşağıda durur».