Sənan Əlləz
Mən hər zaman düşünən uşaq olmuşam.Uşaqlıqda ancaq düşünürdüm nə düşünürdüm heç özüm də bilmirdim. Bax o uşaqlıq xatirələrim heç vaxt məni tərk etmir.Anamın sovet pasportundakı şəklinə baxıb için-için ağlamağım. Bibimin qorxusundan səsli ağlıya bilmirdim, nə vaxt səsli ağlasaydım gəlib məni döyəcək və anamın pasportunu var gücü çatdığı qədər otağın divarına çırpacaqdı.O zaman uşaq idim bibim məni döyəndə bədənim ağrımırdı, amma hönkürtü ilə ağlayırdım.İndi başa düşürəm ki, məni ağladan anamın pasportunun divara çırpılması imiş.O qədər uşaqlıqda səssiz ağladım ki, adam kimi ağlamaqdan ötrü darıxmağa başladım.Düşüncələrim mənim üçün çox qiymətlidir.
Outlandish məni düşüncələrimə qaytarır,hər bir mahnısı bir ayrı düşüncəmin soundtreckidir. Məsələn "ILL Kebab" mahnısı sünnət haqqında düşüncələrim və kiçik toy xatirələrimlə doludur.Mən sünnətdən elə qorxmuşam ki, bu qorxu ömrümün sonuna qədər bəs edər mənə.Və mən hələ də elə düşünürəm ki, əslində mən illərdi yuxu görürəm bütün olacaq hadisələri qabaqcadan görürəm və illərdi yatıram.Bir gün anam saçlarımı oxşayaraq məni oyadacaq və mən yenə atamın qucağında sünnət prosesinə gedəcəm.Qorxunu yenidən hiss etsəm də, özümə təsəlli verirəm ki, mən bütün hadisələri biləcəm, ölən yaxınlarıma yenidən qovuşacam və onlara deyəcəm ki, özlərinə yaxşı baxsınlar. Uşaq düşüncələridi bilirəm, amma kim bilir bəlkədə hər birimiz bir gün yenidən ən qorxduğumuz hadisəni yaşamaq üçün bir daha oyanacağıq.Oyansam bir də Nigarı itirməzdim.Bəlkədə hadisələri qabaqlayıb tez tanış olardım.Tez deyərdim ona gerçəkləri.Deyərdim ki, eybi yox səni belə qəbul edən olacaq.Nə etməlisən ki, hərbi xidmətdən gələn əminoğlu səni 13 yaşında zorlayıb və sən instuta girərkən bakirə olmamısan.Deyərdim bunu Koroğlunun Nigarına.Mən bütün bunları çox sonralar öyrəndim.Əgər öyrəndimsə deməli Nigarla yenidən rastlaşdım.Əgər rastlaşdımsa deməli hadisələri qabaqlamalı deyilik.
17 yaşımda o bağ evini dəli kimi tərk etmişdim.Çünki, Koroğlunun Nigarı məni 17 yaşımda 15-20 dəqiqənin içində özünə aşiq etmişdi.Bəli mən bir fahişəyə aşiq olmuşdum.Amma o, mələk üzlü qız sadəcə fahişə deyildi o fahişələr içində mələk, mələklər içində fahişə idi.Koroğlu deyilən varlıq da mən idim.Sadəcə orda utanmışdım mənim Nigarım deməyə.Koroğluya 1-ci sinifdən bəri bir kinim var idi. Çünki ibtidai sinif müəllimim Koroğluya türk aktyoru dediyimə görə qəşəng şillə ilişdirmişdi sifətimə. Nə bilim e Cüneyt Arkının “Koroğlu” filminə baxmış uşağa müəllim Koroğlu kimdi sualını elə verir ki, elə bil 77 yaşı var qarşısındakı uşağın. Mən də 7 yaşın mənə verdiyi həyəcanla türk aktyoru deyib qəşəng şillə yemişdim. Amma deyirlər ki, insan 7-sində nədirsə 77-sində də odur.Yenə Koroğlu mənim üçün türk aktyorudur özü də Cüneyt Arkın qiyafəsində. Kinli-kinli fahişə Nigara Koroğlunun Nigarı deyərək ondan acıq çıxmaq istəyirdim ki, zaman yenə məni barmağına doladı və fevral ayının soyuq qış axşamında yolda anladım ki, mən Koroğlunun özü olmuşam. Geri qayıtdım ki, Nigardan nömrəsini alım, amma tapa bilmədim getmişdi. Özü də belə başa düşdüm ki, tək gedib. Çünki, digər iki qızın səsi bütün bağı bürümüşdü. Bir anlıq məndən yaşca böyük qohumlarımı qəssab kimi təsəvvür etdim, qızları şallaqxanada doğradıqlarını zənn etdim hər zamankı kimi qurbanlıq qoç təzə həyətə baxan tərzdə 2-3 dəqiqəlik xəyaldan sonra bağı tərk etdim. Aylar keçdi. Nigar hadisəsindən sonra şorgözlüyümdə azalmışdı. Özü də nənəm həmışə deyir ki, mənim balam şorgöz yox, gözəlbazdı. Elə buna görə də gözəlbazlıqdan əsər əlamət qalmamışdı. Riyaziyyatı sevməyə başlamışdım və ciddi-ciddi dərs oxuyurdum. Qəbul imtahanı 3 saat, nə bilim 4 səhv bir düzü aparır, aşağıdakılardan hansı doğru deyildir, doğru olan variantdan hansı aşağıda deyildir tipli ölümcül suallardan 24 düz riyaziyyat yazmışdım özüdə səhvsiz. Nigarın mənə başa saldığı misal imtahana düşmüşdü bircə onu həll etmədim.Halbuki qəbul imtahanına qədər Nigarı düşünərək misalı əzbərləmişdim, amma düzgün cavabı qaralamadım. Beləcə universitet və tələbəlik illəri başladı. Tərslikdən Nigar bitirdiyi universitetə daxil olmuşdum. İlk semestr və riyaziyyat dərsi Nigarla yaşıd olan bir qız məşğələ müəllimimiz idi. Axı mən Nigarı gözləyirdim, onun üçün hazırlaşıb universitetə girmişdim. Qıza nifrət eləməyə başladım Nigarın yerini tutduğunu düşünüb dərsində tərbiyəsizliklər edirdim və onu ağladırdım. Səbəbsiz yerə tökülən günahsız göz yaşlarıyla Nigarın günahlarını yuyurdum. İlk tələbə təqaüdümü əlimə alan kimi hər ay Nigarı axtarmağa başladım. Bu axtarışlarda çox həyat qadınları ilə tanış oldum və o vaxtdan yazmağa başladım. İlk romanıma lazım olan mövzuları da o qadınlardan öyrəndim.
Amma onu da deyim ki, aralarında filosofundan tutmuş adi savadsızına qədər çoxunu tanıdım amma Nigarı tanıyan olmadı. Həmin ərəfələrdə çox sevdiyim şair Ramiz Rövşənin 4 misrası məni dəli edirdi .Koroğlunun Nigarının axtarışı mənim düşüncələrimi məhz bu misraların məzmununa kökləmişdi:
Bilirsənmi səni sevmək bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər...
O sevgidən için-için gizlidən yanar adam,
Amma açıb deməyə qorxar, utanar adam,
Utanmayın heç vaxt. Mən də utanırdım amma Nigarın həyat hekayəsini onun öz dilindən eşidəndən sonra utancımı birdəfəlik itirdim. Deməli Nigarın hekayəsini bilirəmsə onu tapmışam. Deməli onu tapmışamsa Nigar sağdı ya da ölü amma hadisələri qabaqlamayaq. Yazacam hər şeyi. Nənəm demişkən bitdə-bitdə yazacam.
Artıq 2-ci kurs idim başım hələ də bitirə bilmədiyim bir romanı yazmağa qarışmışdı. Artıq dərvişliyə ilk addımlar atırdım tərki-dünya olan vaxtlarım idi. 10-cu sinifdən dənə ilə çəkdiyim siqareti 2-ci kursda qutu ilə çəkirdim. Ətrafımdakı xanımların daha çox maraqlandıqları və sevdikləri biri olurdum yavaş-yavaş. Amma açığını desəm bu mənim xoşuma gəlirdi. Özümü universitetin bufetində Hollivud ulduzu kimi hiss edirdim. Halbuki həmişə demişəm indi də yazıram bu qızlar məndə nə tapır bilmirəm meymundan fərqim yoxdu. Nigar yavaş-yavaş silinirdi beynimdən.Silinirdimi? Dəqiq bir şey deyə bilmərəm. Amma artıq bezmişdim və yorulmuşdum axtarmırdım Nigarı. Yenidən Outlandishlə dostluğa başlamışdım. 2005-ci il albomlarını almışdım və usanmadan qulaq asırdım. Dəqiq yadımdadır "I Only Ask God" musiqisini dinləyərək köhnə əşyaların arasında eşələnirdim ki, tapdığım 1 şey Nigarla olan fikirlərimi yenidən canlandırdı və məni yenidən alt-üst etdi...ARDI VAR...
Əvvəlki yazılar:
https://azxeber.com/index.php?action=static_detail&static_id=11178
https://azxeber.com/index.php?action=static_detail&static_id=11109
https://azxeber.com/index.php?action=static_detail&static_id=11069