Fevralın 14-də Pakistan Milli Kitabxanasında Heydər Əliyev guşəsinin açılış mərasimi və Azərbaycan-Pakistan münasibətlərinə həsr edilmiş kitabın təqdimatı keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Pakistanın aparıcı universitetlərinin professor-müəllim heyəti, habelə ölkənin tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Guşədə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən ədəbiyyat, sənədlərin nüsxələri, fotolar və digər materiallar yerləşdirilib.
Açılış mərasimində çıxış edən Milli Kitabxananın baş direktoru Məhəmməd Nazir Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən danışaraq onun müstəqil Azərbaycanın yaranmasında oynadığı müstəsna rolu qeyd edib. O, guşədə yerləşən materialların geniş kütlələr üçün açıq olduğunu deyib və onlarla tanışlığın Azərbaycanın Pakistanda daha yaxından tanınması yolunda böyük rol oynayacağını vurğulayıb.