xari

Pandemiya tələbələrə necə təsir edib? - Universitetə daxil olduq, amma auditoriya görmədik - SORĞU

SOSİAL
15:58 22.04.2021
929
Artıq 1 ildən çoxdur ki, dünyanı ağuşuna almış pandemiya bütün ölkələrə mənfi təsir göstərib. Əsas problemlərdən biri də təhsilin distant formaya keçirilməsidir. 

"Distant təhsil" şagird və tələbələrin psixologiyasına ciddi ziyan vurub. 

AZXEBER.COM müxtəlif ali təhsil müəssisələrinin tələbələri ilə fikir mübadiləsi aparıb. Tələbələr pandemiya dövrünün çətinlikləri və distant təhsil haqda danışıblar. 

Bakı Dövlət Universiteti, Hüquq fakültəsinin 1-ci kurs tələbəsi Ayxan Zeynalov deyir ki, distant təhsilin mənfi və müsbət tərəfləri var: 
 
"Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da əhalinin bütün təbəqələrinə pandemiyanın həm müsbət, həm də mənfi təsirləri var. Eləcə də pandemiya şəraiti ölkə tələbələrinə də önəmli təsir göstərmişdir. Pandemiya dövründə tələbələr əvvəlki kimi bir-birləri ilə və müəllimləri ilə ünsiyyət qura bilməsələr də, distant təhsil, onlayn görüş və tədbirlərlə bunu reallaşdırmağa çalışırlar. 

Pandemiya şəraiti ilə əlaqədar tələbələr universitet kitabxanalarına gedə bilməsələr də, onlayn kitabxanalar vasitəsilə kitab əldə edə bilirlər. 

Tələbələr əvvəlki dövrdə daha çox yollarda keçirdikləri vaxtı indi daha səmərəli istifadə edə bilirlər. Bu cür onlayn təhsil əvvəlki kimi tam effektiv olmasa belə, tələbələr bu onlayn yaşamla ayaqlaşmağı bacara bilirlər".
 
Bakı Ali Neft Məktəbi, Proseslərin Avtomatlaşdırılması mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi Elvin Abdullazadə: 

"Pandemiya dövründə ev şəraitində qalmaq tələbələrdə tənbəlləşməyə səbəb olur. Dərslər "online” olduğu üçün tələbələr arasındakı ünsiyyət zəifləyir. 

Dünyanın hər yerində təcrübələr göstərib ki, üzbəüz təhsil hər zaman ən yaxşısı olmuşdur. 

Pandemiyada təhsil həddindən artıq zəiflədi, bu həqiqəti heç kəs dana bilməz. Təhsilin "online” olması səbəbi ilə tələbələr günlərinin böyük hissəsini ekran şüası altında keçirməyə məcbur olurlar və şüaların insan gözündə yaratdığı uzun müddətli zərərlər tələbənin dərsə laqeyd yanaşmasına səbəb olur.

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Aydın Nuri: 

"Bildiyimiz kimi, 1 ildən çoxdur ki, davam edən pandemiya bir çox sahələrə öz təsirini göstərdi. 

Bunlardan biri də təhsil sahəsi oldu. Təhsilin gözlənilmədən distant rejimə keçməsi buna uyğunlaşmaq üçün az vaxt almadı. 

Amma hər şeyin müsbət tərəfi var deyib ənənəvi təhsilin dayanması fürsətindən istifadə edib özünü inkişaf etdirənlərdən biri də mən oldum. Dərslər distant olduqdan sonra digər işlərimin arxasınca düşüb irəliyə doğru addımlamağı qarşıma məqsəd qoydum. Necə deyərlər, hər işdə bir xeyir var, sadəcə bunu görmək lazımdır.

Bakı Dövlət Universiteti, Filologiya (Ərəb dili) fakültəsinin 1-ci kurs tələbəsi Əli Bayramzadə: 

"Həyatımızın hər bir sahəsinə az-çox təsir edən pandemiya insanlara güclü təsir etdi. Bu təsir hər kəsin həyatını dəyişdirdiyi kimi, tələbələrə də az təsir göstərmədi. Özəlliklə psixoloji olaraq bir çox tələbəyə mənfi təsir göstərdi. Tələbələr mənəvi, psixoloji olaraq böyük sarsıntı keçirdilər. Dərslərin online olması normal ənənəvi dərslərdən çox fərqlənir. Belə ki, dərslərin onlayn keçirilməsi həm təhsilin keyfiyyətinə təsir edir, həm də insanın beynini əhəmiyyətli dərəcədə yorur. Ümid edək ki, pandemiya tez bir zamanda bitsin və həm tələbələr, həm də bütün insanlar normal həyatına dönsünlər.

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Rəşid Qarayev: 

"Bir ildən uzun müddətdir ki, həyatımıza daxil olan pandemiya hər birimizin həyatına müəyyən dərəcədə təsir göstərib. Əslində mövcud virusun özündən daha çox onunla bir növ "lağ" edən düşünməkdən aciz varlıqların (hələ təkamülü bitirib insan olduqlarından əmin deyiləm) varlığı vəziyyəti daha da pisləşdirir. Həmin varlıqlar ucbatından qaydalara əməl edənlər də tənqidə məruz qalaraq artıq vaz keçir. Məncə pandemiyanın qarşısını ala bilmək üçün əvvəlcə "Çayxana filosoflarını" təcrid etmək lazımdır. Yoxsa "inanma ee virus yoxdu hamımıza çip taxacaqlar" deyə-deyə axırda həm özlərini, həm də cəmiyyəti məhv edəcəklər.

Odlar Yurdu Universiteti, Marketinq fakültəsinin 1-ci kurs tələbəsi Nərmin Xəlilova:

"Mən Xəlilova Nərmin. 17 yaşım var. OYU-nun marketinq  fakültəsinin 1-ci kursunda təhsil alıram. Dərslər "online” şəkildə gedir. Məni narahat edən problemlər dərslərin əyani şəkildə olmaması, universitetimizi yaxşı tanıya bilməməyimiz, sosiallaşa və ən əsası dərsimizi mükəmməl şəkildə öyrənə bilməməyimizdir. 

Karantin həyatımızın bir çox sahəsinə mənfi təsir etdiyi kimi təhsilimizə də mənfi təsir edir. Ən böyük problem isə internetdir, zəif olur və dərsə qoşulduqda bəzi narahatçılıqlara səbəb olur. Bu mənə təsir edən tərəfidir. Bəzi şagirdlər var ki, modemləri yoxdu ve buna görə də internet paketi vurmalı olurlar, bu isə böyük miqdarda olur və ailə büdcəsinə xələl gətirir.  Mən istərdim ki, ən azından 2-ci kursda maskalı şəkildə həftənin bir neçə günündə universitetə gedə bilək.

ADA universiteti, Biznesin idarə edilməsi fakültəsinin 1-ci kurs tələbəsi Aysun Rzazadə: 

"Pandemiya dövrünün ölkədə təhsil alan tələbələr üzərində çox mühüm təsiri mövcuddur. 

Tələbələr təhsil aldıqları mühitdən və tələbə yoldaşlarından ayrı bir şəkildə təhsil almağa davam edirlər. Yeni universitetə qəbul olmuş tələbələr üçün universitet həyatına adaptasiya olmaqda çətinliklərlə qarşılaşırlar. 

İnternetin zəifləməsi və ya hətta olmaması tələbələrin pandemiya dövründə "online” təhsil almağa maneələr yaradır. 

Halbuki, müasir texnologiyanın köməyi ilə keçirilən dərslər yaddaşda saxlanılır və tələbələrin yenidən dinləməsi üçün şərait yaradılır. Bununla da, tələbələr imtahan və ya dərslərinə daha yaxşı bir şəkildə hazırlaşa bilərlər.

Dövlət Gömrük Akademiyası, İqtisadiyyat fakültəsinin 1-ci kurs tələbəsi Eminov Sənan: 

"Pandemiya ölkəmizin bütün sahələrinə təsirini göstərdi. Təhsil sahəsi də pandemiyanın qurbanlarından biri idi. Lakin təhsil aldığım Gömrük Akademiyasında "online” təhsil özünəməxsus keyfiyyəti ilə digər təhsil müəssisələrindən daha çox üstün idi. Bundan başqa Akademiya rəhbərliyi birbaşa "online” platformada görüş keçirərək "online” imtahan, tədris prosesi haqqında tələbələrin irad və təkliflərini dinləmişdirlər. 

Pandemiya şəraitində olmasına baxmayaraq, müxtəlif klublar açılmış, tələbələrin asudə vaxtlarının daha dəyərli keçirilməsi üçün şərait yaradılmışdır.

Semestr daxili boyu İOK yarışları keçirilmiş və tələbələrin intellektual səviyyəsi artırılmışdır.  Bunda əlavə TGT sədri ilə 1-ci kurslar arasında açıq havada  "koronavirusdan müdafiə" mövzusunda maarifləndirici görüş keçirilmişdir. Bir sözlə, "online” tədrisin müəyyən müsbət keyfiyyətlərinin olduğuna hamımız bələdik.

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Əliyeva Aysel: 

"Pandemiya gəlişi ilə bütün dünyanı öz ovucuna aldı və dünya ilə oyuncaq kimi oynamağa başladı. Bu prosesdə stress, qorxu, əsəb kimi hissləri pik həddə yaşadıq və yaşayırıq da.

Təhsil sahəsində pandemiya dedikdə mənim ağlıma 11 illik əziyyətin bir növ puç olması gəlir. 

Nəticədə hər bir abituriyentin abituriyent xəyalları universitetə getmək, auditoriyada əyləşməkdir. 

Təəssüf ki, pandemiya bizim bu xəyallarımızı əlimizdən aldı. Mən öz adıma deyə bilərəm ki, bu sistemdə təhsil almaq məni çox narahat edir. Lakin pandemiya şəraitini nəzərə alsaq "online” dərslər bilik öyrənmənin ən effektiv üsuludur bu dövrdə.

Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq Ticarət və Logistika fakültəsinin 1-ci kurs tələbəsi Səttar Tomayev:

"Bildiyimiz kimi, pandemiya bütün sahələr üzrə durğunlaşma prosesi yaratdı. Şübhəsiz ki, bu durğunlaşma tələbələrdən də yan keçmədi, dərslərinə ciddi surətdə təsir göstərdi. Dərslərə "online” tədris üsulu ilə davam edildi, lakin bu, dərslərin keyfiyyətini azaltdı. 

Tələbələrdə nizamsızlıq və məsuliyyətsizlik halları artmağa başladı. Həmçinin, ən əsası, internet hər bölgədə eyni olmadığı üçün, bölgələrə görə də dərs keyfiyyəti azaldı. Lakin bu sistem həmçinin tələbələr üçün yollarda vaxt itkisini aradan qaldırdı. 

Bu da onu göstərir ki, hər şəraiti öz lehimizə çevirmək mümkündür və bunu bacaranlar daha da irəliyə gedəcəklər.
 
 Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR