Dekabrın 28-də Milli Məclisin payız sessiyasının sonuncu iclası keçiriləcək. AzərTAc xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib. İclasda “Xüsusi iqtisadi zonalar haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Sərhəd qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlara, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Əmək Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər olunacaq, eləcə də “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” və “Azərbaycan Respublikasının Efiopiya Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) səfirliyin təsis edilməsi haqqında” qanun layihələrinə baxılacaq. Parlament “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatını təsdiq edəcək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişlərə, “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyaya münasibət bildirəcək. İclasda həmçinin “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə dəyişikliklər ediləcək.