Bu fikirləri Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi.
Deyir ki, onlar müxalifətin bəlli qüvvələrinin birləşdiyi İctimai Palatada təmsil olunmasalar da, real müxalifət olaraq qalırlar. Müxalifət düşərgəsində bir çox siyasi təşkilatlar və qüvvələrlə əməkdaşlıq etdiklərini vurğulayan TMP başqanının sözlərinə görə, partiya öz ideallarına sadiq qalaraq fəaliyyətini davam etdirir.
İctimai Palatanın Bakıda keçirdiyi son aksiyasına gəldikdə isə, Vüqar Bəyturan hesab edir ki, belə addımların heç bir mənası və ya effekti yoxdur.
"İctimai Palata bütün müxalifətin adından çıxış edir. Lakin bu, yalnız o halda doğru olardı ki, həmin qurumda müxalifət qüvvələrinin hamısı əhatə olunsun. Təəssüflər olsun ki, belə deyil. İctimai Palata müxalifətin yalnız bir hissəsini təmsil edir. Üstəlik, hesab edirəm ki, ərəb ölkələrində baş verən prosesləri birbaşa Azərbaycana transfer etmək cəhdləri məntiqidir. Çünki hər bir dövlətin, hər millətin öz spesifik xüsusiyyətləri, siyasi-ictimai şərtləri mövcuddur. Azərbaycanda problemlər var və onları həll etməyə çalışmaq lazımdır. Lakin kimlərinsə göstərişi, kənardan gələn ssenarilər əsasında və kimlərisə təkrarlamaq yolu ilə guya problemləri həll etmək istəyi adıyla ortaya çıxmaq doğru deyil. Daha soyuq ağılla, prinsiplərimizə sadiq qalaraq yolumuza davam etməliyik", - V.Bəyturan söylədi.