Paşinyan Azərbaycana gəlmək istəyir

Paşinyan Azərbaycana gəlmək istəyir
SİYASƏT
14:06 07.06.2026
436
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün baş tutan parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

N.Paşinyan məntəqəni tərk etdikdən sonra yerli və xarici mətbuat nümayəndələrinin suallarını cavablayıb.

Seçki prosesi və ondan gözləntiləri barədə danışan hökumət başçısı bu prosesin fərdi deyil, xalqın seçimi olduğunu vurğulayıb:

"Mənim yeganə gözləntim Ermənistan vətəndaşlarının öz azad iradələrini sərbəst ifadə etməsidir. Əminəm ki, bu seçkidə fərdi şəxslər deyil, məhz Ermənistan xalqı qalib gələcək. Xalqın verdiyi hər bir qərarla razılaşacağam".

Mediaya açıqlamasında regional əməkdaşlıq formatlarına toxunan N.Paşinyan Azərbaycanla sülh prosesinin davam etdiyini diqqətə çatdırıb:

"Yaxın gələcəkdə Türkiyə ilə sərhədlərin, dəmir və avtomobil yollarının açılacağına inanıram. Biz təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub marşrutlarının açılmasını hədəfləyirik. Bu nəqliyyat qovşaqlarının işə düşməsi Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə və İrana böyük iqtisadi üstünlüklər gətirəcək".

Baş nazir həmçinin əlavə edib ki, seçkilərdə qələbə qazanacağı təqdirdə Moskva, Vaşinqton, Brüssel, Paris və Tbilisiyə səfərlərini davam etdirəcək. O, gələcəkdə Bakıda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyinə ümid etdiyini də vurğulayıb.

Mətbuatın Moskva ilə əlaqələr barədə sualını cavablandıran Baş nazir münasibətlərdə heç bir gərginlik görmədiyini, əlaqələrin dərin institusional xarakter daşıdığını və Rusiya Prezidenti ilə birbaşa, sağlam dialoqun olduğunu qeyd edib. O, seçki ərəfəsində baş verən həbslərə toxunaraq, proses zamanı bəzi korrupsiya faktlarının qeydə alındığını və dövlət institutlarının qanun çərçivəsində zəruri addımlar atdığını bildirib.

Ermənistanın gələcək Avropa hədəflərindən danışan N.Paşinyan əsas strateji məqsədin ölkədaxili standartları Avropa İttifaqı (Aİ) standartlarına tam uyğunlaşdırmaq olduğunu deyib. Baş nazir regional və qlobal güclər arasında hər zaman balanslaşdırılmış xarici siyasət kursu yürütməyə çalışacaqlarını bəyan edib.
 
///Teleqraf 
OXŞAR XƏBƏRLƏR