Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib.
Paşinyan bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. "Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini bu məqsədlə yaradılmış xüsusi sayt vasitəsilə təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın layihəni rahat oxuya və təkliflərini təqdim edə bilməsi üçün yaradılıb”, – Paşinyan bildirib.
Layihənin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Qüvvədə olan Konstitusiyanın preambulasında isə həmin sənədə istinad edilir. Bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-lə birləşdirilməsi barədə qərara istinad var.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında yalnız bir əsas əngəl mövcuddur:
"Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Rəsmi Bakı prinsipial olaraq tələb edir ki, Ermənistan Azərbaycanla yekun sülh sazişi imzalamaq istəyirsə, konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. Bunun üçün isə Paşinyan hakimiyyəti konstitusiya islahatları aparmalı, yəni əsas qanuna dəyişiklik etməlidir. Bu prosesin reallaşması üçün referendumun keçirilməsi də qaçılmazdır. Artıq Paşinyan hakimiyyəti bu istiqamətdə prosesə başlayıb. Yeni konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub. Layihədə diqqət çəkən əsas məqamlardan biri Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilə biləcək hər hansı müddəanın saxlanılmamasıdır. Hazırda əsas məsələ Ermənistanda referendumun keçirilməsi və yeni konstitusiya layihəsinin xalq tərəfindən təsdiqlənməsidir. Lakin bu prosesə qarşı ciddi müqavimət də mövcuddur. Belə ki, Ermənistanda revanşist siyasi qüvvələr hələ də güclüdür və onlar ənənəvi siyasi-ideoloji xəttin davam etdirilməsində israrlıdırlar. Eyni zamanda, həmin qüvvələrin xaricdən dəstəkləndiyinə dair məlumatlar da var”.
Politoloq əlavə edib ki, xüsusilə Rusiyanın Ermənistandakı təsir imkanlarından istifadə edərək yeni konstitusiyanın qəbuluna və Azərbaycanla yekun sülh sazişinin imzalanmasına mane olmağa çalışdığı iddia edilir:
"Bu baxımdan Paşinyan hakimiyyəti hazırda olduqca taleyüklü mərhələdən keçir. Eyni zamanda, Ermənistanı da mühüm siyasi seçim qarşısında qoyur. Paşinyan hakimiyyəti hesab edir ki, ölkənin gələcək taleyi və inkişaf perspektivləri məhz yeni konstitusiyanın qəbulundan asılıdır. Bu əngəl aradan qaldırıldıqdan sonra Azərbaycanla yekun sülh sazişinin imzalanması mümkün olacaq və Ermənistanın inkişafı üçün yeni imkanlar yaranacaq. Konstitusiya islahatları hazırda Ermənistanın siyasi gündəliyinin əsas mövzularından biridir. Paşinyan hakimiyyəti hesab edir ki, bu islahatlar başa çatdıqdan sonra Azərbaycanla yekun sülh sazişinin imzalanması qısa müddətdə mümkün ola bilər. Hətta Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Alen Simonyan konstitusiya islahatlarının həyata keçirilməsi və yeni konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin cəmi bir neçə gün ərzində imzalana biləcəyini bəyan edib”.
Elçin Xalidbəyli vurğulayıb ki, hazırda yekun sülh sazişinin imzalanması qarşısında əsas maneə Ermənistan konstitusiyası ilə bağlı məsələdir:
"Paşinyan da bu məsələyə prinsipial yanaşır. O, yeni konstitusiyanın qəbul edilməsi və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində uğur əldə edə bilməyəcəyi təqdirdə, baş nazir vəzifəsindən istefa verməyə belə hazır olduğunu bəyan edib. Bütün bunlar onu göstərir ki, Nikol Paşinyan və onun yaxın ətrafı Azərbaycanla yekun sülh sazişinin imzalanmasını Ermənistanın gələcək taleyi və inkişaf perspektivləri baxımından əsas prioritetlərdən biri hesab edir”.
Aynur Babazadə











































