Əməkdaşımız faciənin baş verdiyi ünvanda olub şahidlərlə danışdı
Ailənin daha bir azyaşlı üzvü itkin düşüb; özünü binadan atan bacısının məktubu tapıldı.
Bir-birinə yaxın hündürmərtəbəli binaların arasındayıq. Qadınlar öz aralarında nədənsə danışırlar. Yaxınlaşıb intihar hadisəsinin olduğu yeri öyrənirik. İrəlidəki yarımçıq binanı göstərib: "Qaçqınlar binasının həyətindədir. O tərəfə gedin, görəcəksiniz", - deyirlər. Qadınların göstərdikləri istiqamətə gedirik. Binanın qarşısında 5-10 qadın oturub ağlamsınaraq öz aralarında danışırlar. "Balamın evini dağıtdın. Səni bədbəxt olasan. Gül kimi ailə dağıldı. Balam bədbəxt oldu. Getdi gül kimi nəvəm, getdi gəlinim", - deyir başda oturmuş yaşlı qadın.
Yeni Yasamal - 2 ünvanındayıq. Hündür binaların arasında yarımçıq tikili olan bir binanın həyətində. Avqustun 12-də həmin binanın 9-cu mərtəbəsində yaşayan 46 yaşlı Kifayət Abbasova (adlar şərtidir) və 17 yaşlı qızı Aytac Fərzəliyeva özlərini binanın pəncərəsindən ataraq intihar ediblər. Yasamal rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, onların intihar etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən bildirilib ki, ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları Aytən Fərzəliyeva itkin düşüb. Qadın qızının evdən çıxıb bir daha geri qayıtmaması barədə 2 gün əvvəl polisə müraciət edib.
"Sakit bir ailə faciə ilə dağıldı"
Qonşuları ailənin heç bir problemi olmadığını, ana və qızının intihar etməsinə inana bilmədiklərini deyirlər. Həmin binada yaşayan Zəhra Əliyevanın sözlərinə görə, hadisədən sonra o binanın pilləkənlərini dəfələrlə çıxıb-düşüb, ancaq hadisənin olduğu evə girməyə ürəyi əl verməyib. Onun sözlərinə görə, hadisəni ilk dəfə 2-ci mərtəbədə yaşayan qonşu eşidib. O, bərk səs gəldiyindən pəncərə tərəfə gedib və yerdə iki insan cəsədinin olduğunu görüb: "Yazıq qız şokdaydı. Bərk səs gəldiyini eşidib. Əvvəl elə bilib ki, qəza olub. Ona görə pəncərəyə yaxınlaşıb. Həyətə baxanda yerdə iki cəsədin olduğunu görüb. Diqqət yetirəndən sonra anlayıb ki, 9-cu mərtəbədə yaşayan qonşulardır. Elə hadisə olan kimi qapı döyüldü. Gördüm Kifayətin oğludur. Uşaq üzümə baxıb dedi ki, "Zəhra xala, anamla bacım özünü pəncərədən atdı. Mən neyləyim?" Hələ də inana bilmirəm. Sakit bir ailə faciə ilə dağıldı".
Binanın digər sakini Afət Məmmədova ailənin kiçik qızlarının bir neçə gün öncə itkin düşdüyünü deyir. Onun fikrincə, ana və qızının intihar etməsinin səbəbi evin azyaşlı sakinindən hələ də bir xəbərin olmamasıdır: "Aytən artıq 4 gündür ki, yoxdur. Ailəsi çox narahat idi. Polisə qızlarının itkin düşməsi barədə məlumat vermişdilər. Bu gün səhər də, eşitdiyimə görə, atası Aytənin şəklini polisə aparacaqdı. Kifayətlə, Yeganənin özünü öldürməyinə inana bilmirəm. Səhər qonaqları olub. Qardaşı, qardaşının yoldaşı, Kifayətin yoldaşı, oğlu evdə olublar. Ancaq onlar da o biri otaqda olduqlarından hadisə vaxtı köməklik göstərə bilməyiblər. Elə nə oldusa, o balaca qıza görə oldu. Kimləsə gedirsənsə, ən azından bir məktub yaz, ya zəng vur, xəbər elə. Yazıq ananın ürəyi dözmədi..."
"Birinci ana, arxasınca qızı özünü atıb"
Həyətdə oturan qadınların sayı get-gedə artır. Qonşuları ailənin hər hansı bir problemi olmadığını deyir. Hadisənin şokunu hələ də üzərindən ata bilməyən Zəhra Əliyeva mətbuatda və sosial şəbəkələrdə Aytacın intihar etməsi xəbərinə inanmadığını deyir: "20 ildir ki, bu binada yaşayırlar. Heç kim onlar haqda bir pis söz danışa bilməzdi. Olduqca mehriban, sakit ailə idilər. Aytac özü də "kukla kimi" qız idi. Niyə intihar etsin? Özü də görənlər birinci anasının binadan düşdüyünü deyirlər. Yəqin qızı da anasına görə özünü onun arxasınca atıb. Onları ilk görən qonşu deyir ki, Aytac yerə üzü üstə, anası isə arxası üstə düşüb. 2-ci mərtəbədə yaşayan gəlin deyir ki, Aytac yerə düşəndə hələ nəfəs alıb-verirdi. Ancaq sonra nəfəsi dayanıb. Polis də gəlib meyitləri aparanda gördük ki, yazıq qızın üz-gözü hamısı şüşədir. Onlar, yəqin ki, özlərini sözləşib atıblar. Çünki dayısı, qardaşı, atası hamısı evdə olub. Əgər anası özünü atsaydı, qız qışqırıb evdəkiləri çağırardı. Belə çıxır ki, planlaşdırıb atıblar özlərini".
Qonşuların arasında oturub, dayanmadan ağlayan, özünü döyən bir qadın var. Kim olduğunu soruşuruq. Aytacın nənəsi olğunu deyirlər. Dərdli qadın bizi görən kimi danışmağa başlayır: "Ay qızım, balamın ailəsi dağıldı. Gül kimi ailə idilər. Nə bir söz-söhbətləri olardı, nə də bir davaları. Heç balaca nəvəmin itkin düşdüyünü mənə belə bildirməmişdilər. Elə bu gün hadisə olandan sonra öyrəndim. Yazıq gəlinimin ürəyi dözmədi. Ana necə bala dərdinə dözsün. 4 gün imiş ki, uşaqdan səs-soraq yox imiş. Evdən qaçırsan, heç olmazsa bir məktub yaz qoy. Kimləsə də qaçmısansa bir zəng elə, de kimlə olduğunu. Ananın da ürəyi partlamazdı. Nəvəm bacı dərdinə dözmədi. Səni bədbəxt qalasan, niyə bədbəxt elədin gül kimi ailəni..."
Dəyanət Rzayev: "İnsanları problemləri ilə öz başına qoyurlar"
Psixoloq Dəyanət Rzayev deyir ki, azyaşlının itkin düşməsi zamanı başına hər hansı bir iş də gəlmiş ola bilər. Bu zaman ilkin polisə müraciət olunur: "Yaxın bir tanışımın anası itkin düşmüşdü. Biz o zaman polisə müraciət etdik. Bizə dedilər ki, yalnız 3 gündən sonra həmin şəxsi axtarışa verə bilərlər. Necə yəni 3 gün sonra? Bu üç gün ərzində həmin şəxsi öldürə də bilərlər. Belə bir şey olmamalıdır. İndi, yəqin ki, bu ailənin də başına eyni şey gəlib. İnsanları problemləri ilə öz başına qoyurlar. Ailənin hər hansı bir üzvü itkin düşən zaman mütləq psixoloqlar lazımdır. Ya Fövqəladə Hallar nazirliyinin psixoloqları, ya polisin özündə olan peşəkar psixoloqlar həmin ailəni yalnız buraxmamalı, nəzarətdə saxlamalıdır".
Psixoloqun fikrincə, ailənin iki üzvünün intihar etməsinin səbəbi stressə qapılmalarıdır. Övlad anasının intihar etdiyini görüb, özünü onun arxasıyca atıb. "Qız, yəqin, düşünüb ki, anam özünü atdı və mən artıq tək qaldım. Buna induksiya deyilir. Kiçikdən-böyüyə deməkdir. Yəni bir insan nə isə edir, digəri də onun etdiyini təkrar edir. Ola bilər ki, ailə daxilində hər hansı bir problem yaşanıb. 14 yaşlı qızın evdən getməsinin bir səbəbi də onların fikir ayrılığı yaşaması və s. ola bilər. Ancaq bu intiharın qarşısını almaq olardı. Baş verən hadisədə mən yalnız bir səbəb görürəm. O da adiyyatı qurumların və cəmiyyətin belə ailələrə biganəliyidir. Əsl səbəb, Azərbaycan cəmiyyətində insanların bir-birinə qarşı biganəliyidir. Digər bir səbəb də, müəyyən qurumların öz öhdəliklərini düzgün yerinə yetirməmələridir".
O, məktubunda: "Bağışlayın, özümü öldürürəm" sözlərini qeyd edib
Baş verən bədbəxt hadisəylə bağlı hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, özünü 9-cu mərtəbədən atan 17 yaşlı Aytacı anası xilas etmək istəyib. Lakin bacarmayıb. Nəticədə qadın ya ehtiyatsızlıqdan, yaxud da bilərəkdən 9-cu mərtəbədən yıxılıb. Yasamal rayon prokuroru Həsrət Pirməmmədov apa-ya bildirib ki, 17 yaşlı Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: "Bağışlayın, özümü öldürürəm" sözlərini qeyd edib. Rayon prokurorunun sözlərinə görə, hadisə baş verən zaman evdə intihar edən qızın atası, anası və dayısı olub. Əvvəlcə qız özünü binadan atıb. Sonradan isə anası binadan düşüb. Ananın hansı şəraitdə binadan düşməsi isə hələlik məlum deyil: "Hadisənin dəqiq səbəbləri araşdırmalar başa çatandan sonra məlum olacaq".
Bizimyol.info




