“Polis bomjlara baxmır”.
Bakının Qaradağ rayonunda orta yaşlı kişi küçənin ortasına atılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə sakinlər ANS PRESS-ə şikayət ediblər.
Şikayətçilərin sözlərinə görə, Nizami Qurbanov adlı kişi hazırda xəstədir və küçədə yatır. Onun nə yaxınları var, nə də sığınacaq yeri. Əvvəllər hansısa şirkətdə mühafizəçi çalışan Nizami Qurbanov xəstə olduğu üçün işdən də qovulub.
Sakinlərin sözlərinə görə, əvvəl mühafizəçi çalışdığı yerdə də qalan Nizami Qurbanov üçün təcili yardım da çağırılıb. Lakin həkimlər ona yardım edə bilməyiblər.
Sakinlər deyirlər ki, hadisə barədə polisə də məlumat verilib, Qaradağ rayon İcra Hakimiyyətinə də. Lakin heç bir dövlət qurumu vətəndaşa kömək etmək istəməyib.
Məsələ ilə əlaqədar Qaradağ rayon Polis İdarəsindən bildiriblər ki, onlar belə məsələlərlə maraqlanmırlar.
“Polis bomjlara baxmır. İcra Hakimiyyətinə desinlər”, - deyə polisdən bildirilib.
Daha sonra Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə əlaqə saxladıq. Stansiyanın baş həkimi Mürsəl Həmidov bildirdi ki, onlara bu barədə məlumat daxil olmayıb. Baş həkim lazım olan kordinatları götürərək, həmin şəxs üçün təcili yardım göndəriləcəyi barədə bildirib.
Daha sonra rayon icra nümayəndəliyi ilə əlaqə saxladıq. Rayon icra nümayəndəsi Əkbər Fərəcov bildirdi ki, məsələdən xəbərdardır. O, həmin şəxs barəsində Dövlət Sosial Müdafiə Fonduna müraciət edəcəklərini də bildirdi.
“Həmin şəxs əvvəllər mühafizəçi işləyirdi. Hazırda işsizdir. Küçədə qalıb. Bacısı və qardaşı var. Lakin heç kim ona sahib çıxmır. Qocalar evinə də göndərmək olmur. Çünki yaşı çox deyil. Sabaha qədər çalışıb problemi həll edəcəyik”, - deyə Əkbər Fərəcov bildirib.
