Penitensiar Xidmətə yeni rəis təyin olundu

Bütün Xəbərlər
11:58 15.02.2011
2518

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub. Bu barədə Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, ədliyyə nazirinin müavini Faiq Qurbanov məlumat verib. 

O, bildirib ki, xidmətin rəisi Nazim Ələkbərov tutduğu vəzifəsindən ölkə başçısının sərəncamı ilə azad edilib. Prezidentin digər sərəncamı ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alıb.

F.Qurbanov yaxın günlərdə Penitensiar Xidmətin yeni rəisinin kollektivə təqdim olunacağını bildirib.

Mədət QUliyev 1958-ci il Gəncə şəhərində anadan olub. 1976-cı il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna daxil olub. 1979-cu ildə cüdo üzrə SSRİ idman ustası normasını yerinə yetirib. 1980-1982-ci illər arası həqiqi hərbi xidmətdə olub. 1982-ci ildən Gəncə şəhərində “Dinamo” cəmiyyətində işləyib.

Daha sonra Daxili İşlər Nazirliyinə işə qəbul edilib. 1994-cü ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin regional şöbəsi vəzifəsinə təyin edilib. Mədət Quliyevin rəhbərliyi ilə keçirilən əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən cinayətkar dəstələr və reket qrupları məhv edilib. 1993-cü il 10 dekabr cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı ağır yaralansa da cinayətkarlar zərərsizləşdirilir. M.Quliyev 1994-cü il oktyabr hadisələri zamanı da silahlı dəstənin zərərszləşdirilməsində iştirak edib.

Mədət Quliyev 2001-ci ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində, 2002-ci ildə Daxili İşlər Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 2004-cü ildə İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

2006-cı ilin mart ayından indiyədək DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışırdı. 

Prezidentin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə cinayətkarlıqla mübarizədə xüsusilə fərqləndiyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Prezidentin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.

//Ans Press

OXŞAR XƏBƏRLƏR