DSMF məlumat yaydı.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ilin aprel ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Bu barədəAZXEBER.COM-a DSMF-dan bildirilib.
Fonddan bildirir ki, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi aprel ayının 20-si tarixinə tam yekunlaşıb.
Ümumilikdə cari ilin 3 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.
2015-ci ilin 3 ayı ərzində Fondun gəlirləri 751,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,5 % və ya 39 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7 % artaraq 410 milyon manata çatıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 % və ya 29 milyon manat çoxdur.
Cari ilin 3 ayı ərzində Fondun xərcləri 725,7 milyon manat olub və bunun 713,7 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 203 nəfər təşkil edir. Onların 60,6 %-ni yaşa görə, 28,5 %-ni əlilliyə görə, 10,9 %-ni isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.