Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin, onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AZXEBER.COM Bizimyol.info-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Pərviz Həşimli və Təvəkkül Qurbanov 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıblar. Onlara qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Pərviz Həşimli ittihamları qəbul etmir, T.Qurbanovun MTN-in adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini və siyasi sifarişlə, saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.