“Polisi təhqir etməyi yolverilməz sayıram, polis olmasa ölkəni xaos bürüyər” – Razi Nurullayev

SOSİAL
11:44 19.01.2023
1278
"Polis institutunu, polis nəfərlərini təhqir etməyi yolverilməz sayıram. Polisi nüfuzdan salmaq və aşağılamaq cəmiyyətin sütunlarını qazımaqdır”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, polis olmasa, ölkəni xaos bürüyər:

"Polis olmasa, ölkəni xaos bürüyər, güclü gücsüzü əzər, cinayətkarlıq tüğyan edər, gecələr heç kim qorxusundan çölə çıxmaz. Bu gün vətəndaşlarımız gecələr belə təhlükəsiz şəkildə gəzib dolaşa bilirsə, bunu dəyərləndirmək lazımdır”. 

Razi Nurullayev fikirlərinə bu cür davam edib: "Polis ciddi orqandır və təbii ki, həbslər həyata keçirən zaman narazı qalanlar olur. Amma bəs digərlərinin təhlükəsizliyi necə qorunsun? Polis narkotik satanı, uşaqları zəhərləyib məhv edənləri, cinayət törədənləri həbs etməsin?”.

Deputat Azərbaycandakı təhlükəsizliyin az ölkələrdə olduğunu deyib: "Çox ölkələrdə olmuşam, amma sayılı ölkələrdə Azərbaycanda olan qədər təhlükəsizlik var. Bir çox ölkələrdə, şəhərlərdə gecələr çölə çıxmaq tövsiyə olunmur”. 

"Təəssüf edirəm ki, baxış, qazanc və digər məqsədlər üçün sosial şəbəkələri qaydasız döyüş rinqinə çevirənlərin sayı xeylidir. Sosial şəbəkələri təhqir yuvasına çevirənlərə qarşı ən sərt tədbirlərin görülməsinin tərəfdarıyam”, - deyə deputat əlavə edib. 

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR