Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla ticarət dövriyyəsinin sürətlə azaldığını açıqlayıb. Onun sözlərinə görə, 2026-cı ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə iki azalıb və bu mənfi tendensiyanın davam edəcəyi gözlənilir.
Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, Aleksey Overçukun ticarət dövriyyəsi ilə bağlı açıqlaması Kremlin Ermənistana yönəlmiş xəbərdarlıq mesajıdır:
"Aleksey Overçukun ticarət dövriyyəsi ilə bağlı açıqlaması Kremlin Ermənistana yönəlmiş xəbərdarlıq mesajıdır. Bu xəbərdarlıq açıq şəkildə təhdid xarakteri daşıyır. Rəsmi İrəvana çatdırmağa çalışırlar ki, yaxın vaxtlarda Ermənistana qarşı iqtisadi və ticarət sanksiyalarının, embarqoların həcmi və ya əhatə dairəsi daha da genişləndirilə bilər. Bu isə Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbə vura bilər”.
O qeyd edib ki, Kreml artıq Ermənistana qarşı müəyyən sanksiya siyasətinə start verib:
"Kreml artıq Ermənistana qarşı müəyyən sanksiya siyasətinə start verib. Tədricən Ermənistanın kənd təsərrüfatı məhsulları üçün Rusiya bazarlarının qapıları bağlanır. Bu isə Ermənistan üçün arzuolunmaz və kifayət qədər ağır nəticələr doğura biləcək vəziyyətdir. Çünki rəsmi İrəvan itirdiyi Rusiya bazarlarına alternativ bazarlar tapa bilmir. Avropa İttifaqı isə Ermənistana verdiyi vədləri rəsmi İrəvanın gözlədiyi səviyyədə həyata keçirməyə elə də həvəs göstərmir. Əgər bu proses gələcəkdə də eyni şəkildə davam edərsə, bu, Ermənistan üçün sosial-iqtisadi və siyasi böhran təhlükəsi demək olacaq. Çünki hazırda Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya bazarlarından və ticarət münasibətlərindən asılıdır”.
E. Xalidbəyli bildirib ki, Rusiya Ermənistanı Avrasiya İqtisadi İttifaqından kənarlaşdırmaqla da hədələyir:
"Digər tərəfdən Rusiya Ermənistanı Avrasiya İqtisadi İttifaqından kənarlaşdırmaqla da hədələyir. Bu halda Ermənistanın iqtisadi və ticarət münasibətlərində kifayət qədər ciddi problemlər yarana bilər. Yəni, həmin təşkilata üzv olan dövlətlərlə ticarət-iqtisadi əlaqələrdə yeni situasiyanın yaranacağı qətiyyən istisna deyil. Hazırda rəsmi İrəvanın istifadə etdiyi bir çox güzəştlər Ermənistan üçün əlçatmaz ola bilər. Bu isə ölkə iqtisadiyyatı üçün əlavə risklər və yeni zərbələr deməkdir. Belə görünür ki, Kreml iqtisadi və ticarət istiqamətində Ermənistana qarşı təzyiqləri davamlı şəkildə artırır və yaxın gələcəkdə bu təzyiqlərin daha da dərinləşməsi ehtimalı qətiyyən istisna deyil”.
"Kremlin əsas tələbi ondan ibarətdir ki, Ermənistan Qərbə yaxınlaşma siyasətindən imtina edərək yenidən Rusiyanın təsir orbitinə qayıtsın. Əks halda, Rusiya bu iqtisadi və ticarət təzyiqlərini davam etdirməklə Ermənistan iqtisadiyyatını çökmə həddinə çatdırmaq niyyətini qətiyyən gizlətmir”,-deyə politoloq deyib.
Şahanə Ziyad











































