Politoloqdan terror xəbərdarlığı

Politoloqdan terror xəbərdarlığı
Bütün Xəbərlər
09:33 13.02.2011
1791

“Azərbaycanda terror təhlükəsi ola bilər. Bu ölkədə dəfələrlə terror olub. Ən axırıncı terror dəhşətli Neft Akademiyasında baş verdi. Azərbaycanda metro partladılması kimi böyük terror aktı olub. Yəni Bakı elə təhlükəsiz yer deyil. Sadəcə bizim camaat bir az əhlikef camaatdır. Amma amerikanlar, ingilislər, yaxud yəhudilər öz həyatlarını qiymətləndirirlər. Ona görə də bu cür xəbərdarlıq edirlər”.

Politoloq Vəfa Quluzadə bu sözləri qəzetimizə açıqlamasında söylədi. Qeyd edək ki, ABŞ və Böyük Britaniyanın ardınca İsrail də Azərbaycanda terror təhlükəsinin mövcud olduğu barədə xəbərdarlıqla çıxış edib. İsrail hökumətinin Terrorla Mübarizə üzrə Qərargahı bəyan edib ki, “Hizbullah” təşkilatının xüsusi təyinatlı dəstəsinin komandiri olan İmad Muqniyənin öldürülməsinin üçüncü ildönümü ilə bağlı yaxın bir neçə gündə Misir, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Kot-d İvuar, Mali, Mavritaniya və Venesuelada terror hadisəsi törədilə bilər. Qərargah İsrail vətəndaşlarını bu ölkələrə səfərlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, bir neçə həftə əvvəl ABŞ Dövlət Departamenti Azərbaycandakı Amerika maraqlarına qarşı terror təhlükəsinin mövcud olduğu haqda rəsmi xəbərdarlıqla çıxış etmişdi. Bunun ardınca analoji xəbərdarlıqla Böyük Britaniyanın Bakıdakı səfirliyi də çıxış edib. Hər halda dünyanın üç nüfuzlu dövlətinin terror təhlükəsi barədə xəbərdarlıq etməsi təsadüf kimi qiymətləndirilmir. 
V.Quluzadə də deyir ki, Azərbaycanda terror dörd tərəfdən ola bilər: “İranla Azərbaycan arasında münasibətlər gərgindir. Üzdəki gülüşlərə baxmayın, Azərbaycan-Rusiya münasibətləri də gərgindir. Üstəlik, Rusiyanın Azərbaycana qarşı iddiaları var. Özü də terroru ermənilərin əli ilə edə bilərlər. Bu dəqiqə Ermənistan Azərbaycanın üstünə hısqırdılır. Ermənistan tələb edir ki, Azərbaycan birdəfəlik Dağlıq Qarabağı versin və kənara çəkilsin. Yəni bu cür mövqelərdə olan dövlətlərin arasında yaşayırıq. Üstəlik, ASALA-nın da hərəkətə keçməsi haqqında məlumatlar yayılıb. Həmçinin PKK təhlükəsi var. Amerika öz vətəndaşlarına terror təhlükəsini İrandan gözləyir. Ancaq biz bu təhlükəni hamıdan gözləməliyik. Amma hamıdan laqeyd olan, kef-damaqda yaşayan, musiqilərə ”xod" verib maşınlarla küçələrdə “çapan” da bizik". 
V.Quluzadə bu bəyanatların arxasında Azərbaycan hakimiyyətinə təzyiq məqsədi güdüldüyünə inanmır: “Yüz faiz onların kəşfiyyat məlumatları var. Əks halda, onlar belə xəbərdarlıq etməzdilər. İnanmıram ki, bu, hansısa siyasi məqsədlər üçün edilir”. Ekspertin fikrincə, rəsmi qurumlar məsələyə çox həssas yanaşmalıdır: “Azərbaycanda bir nömrəli terror həyəcanı elan olunmalıdır. DİN, MTN tərəfindən nə kimi tədbirlərə ehtiyac var, görülməlidir. Metro, dövlət binaları, camaatın çox yığışdığı yerlər hamısı nəzarət altına alınmalıdır”.
V.Quluzadə Rusiya prezidenti Dimitriy Medvedevin ciddi yoxlamaya məruz qalmasını da təqdir etdi: “Bu dəqiqə istənilən adam parixlə, qrimlə özünü istənilən məmura bənzədə, dövlət idarələrinə girə bilər. Ona görə də kimliyindən asılı olmayaraq hamını yoxlamaq lazımdır”.
DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun mövqeyi belə oldu: “Mən o ölkələrin əvəzinə cavab verə bilmərəm ki, onlarda hansısa bir məlumat var. Amma onu deyə bilərəm ki, dünyanın heç bir ölkəsi, hətta superdövlətlər də terror təhlükəsindən sığortalanmayıb. Sadəcə, biz Daxili İşlər Nazirliyi olaraq öz üzərimizə düşən vəzifənin öhdəsindən gəlirik. Yəni səfirliklər, diplomatik nümayəndəliklər, onların əməkdaşlarının yaşadığı yerlər bizim xüsusi diplomatik nümayəndəliklərin mühafizəsi alayının əməkdaşları tərəfindən lazımi səviyyədə qorunur”. Digər kütləvi toplaşma yerlərinin mühafizəsi ilə bağlı isə S.Gözəlov bildirdi ki, nazirlikdə “Təhlükəsiz şəhər” layihəsi mövcuddur: “Ümumiyyətlə, biz lazımi səviyyədə öz işimizin öhdəsindən gəlirik, təhlükəsizliyi təmin edirik. Amma bir daha ona qayıdıram ki, dünyanın heç bir dövləti terror təhlükəsindən sığortalanmayıb”.
MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev də vəziyyətin nəzarətdə olduğunu söylədi: “Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, onun maraq və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur”.

//Yeni Müsavat


OXŞAR XƏBƏRLƏR