Hesabat dövrü ərzində ƏDV-dən 2082,5 milyon manat gəlir daxil olub. Gəlir vergisi 590,2 milyon manat, mənfəət vergisi 1429,9 milyon manat, aksiz vergisi 514,9 milyon manat, əmlak vergisi 101,8 milyon manat, yeraltı sərvətlər vergisi 130,07 milyon manat, sadələşdirilmiş vergi 65,5 milyon manat, torpaq vergisi 35,3 milyon manat təşkil edib. Dövlət Neft Fondundan daxilolmalar 5 915 milyon manat təşkil edib.
Əhalinin sosial müdafiəsi və təminatına dövlət büdcəsindən 1123 milyon manat xərclənib. Təhsilə 1180,79 milyon manat, səhiyyəyə 429,16 milyon manat, prokurorluq, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının saxlanılmasına 668,5 milyon manat xərclənib. Qoyulan kapitalın ümumi həcminin 199,9 milyon manatı kommunal xərclərə, 372,1 milyon manatı kənd, meşə təsərrüfatı və balıqçılığa, 55,1 milyon manat isə nəqliyyat və rabitəyə yönəldilib.
2010-cu ilin dövlət büdcəsinin yerinə yetirilməsi nəticəsində ilin sonunda vahid xəzinə hesabında yaranan qalıq 2011-ci ilin büdcə kəsirinin maliyyələşdirilməsinə və dövlət borclarına qulluq üzrə xidmətlərin ödənişi səbəbindən yaranan xərclərə yönəldiləcək.