Dövlətimizin başçısı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Rusiya Federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirdi. İşçi miqrantların fəaliyyətinin hüquqi tənzimlənməsi məsələsinə toxunan dövlət başçısı bu məsələnin həm ikitərəfli münasibətlərin inkişafında, həm də MDB çərçivəsində əməkdaşlıq baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev sürətlə inkişaf edən ölkəmizdə xaricdən gələn işçi qüvvəsinin artdığını bildirərək, Azərbaycanda miqrantların əmək fəaliyyəti istiqamətində görülən işləri qeyd etdi.
Mixail Şmakov vaxtilə Sovetlər İttifaqının Həmkarlar İttifaqı Təşkilatına rəhbərlik edən bir qrup şəxsin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə çəkdirdiyi fotoşəkli xatirə olaraq dövlətimizin başçısına təqdim etdi. Sonra Mixail Şmakov dövlətimizin başçısını Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının fəxri gümüş nişanı, Beynəlxalq Rabitə İşçiləri Həmkarlar İttifaqları Komitəsinin qızıl ordeni ilə təltif etdi. Mixail Şmakov Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının 100 ilik yubileyi münasibətilə hazırlanmış abidənin maketini Prezident İlham Əliyevə təqdim etdi.
AzərTAc