Prezident: “Pensiyaların, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər verilib”

Prezident: “Pensiyaların, minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər verilib”
Bütün Xəbərlər
07:03 07.05.2011
2046

Azərbaycanda istifadəyə verilmiş olimpiya idman komplekslərinin sayı 31-ə çatıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev İmişli Olimpiya İdman kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, İmişli Olimpiya İdman kompleksi ölkəmizdə istifadəyə verilmiş olimpiya komplekslərinin arasında bu, ən gözəl komplekslərdən biridir. Prezidentin sözlərinə görə, hazırda 9 rayonda yeni komplekslər tikilir: “Beləliklə, Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün çox böyük addımlar atılır. İdmançılarımız da öz növbəsində bizi qələbələrlə sevindirirlər. Beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər. Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdir. Bu beynəlxalq yarışlar nəinki Bakıda, eyni zamanda, bölgələrdə də keçirilir.
Əgər vaxtilə bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs reallaşmasaydı, belə tədbirlərin keçirilməsi üçün şərait olmayacaqdı. Bu gün həm yerli idmançıların məşq prosesinin təşkili, həm də ölkədaxili və beynəlxalq yarışların keçirilməsi üçün bütün şərait var. Qarşıya məqsəd qoyulub ki, Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün gözəl, müasir şərait yaradılsın.
İdmançılarımız bizi sevindirirlər. Bizim Olimpiya, dünya və Avropa çempionlarımız var. Ancaq bununla bərabər, idmanın kütləviliyini təmin etmək üçün biz öz siyasətimizi aparırıq. Bax, belə komplekslərdə uşaqlar, gənclər, yeniyetmələr məşq edəcəklər, öz peşəkarlığını artıracaqlar, fiziki cəhətdən sağlam olacaqlar”.

Prezident İlham Əliyev deyib ki, idman bölmələrinə axın güclənir, uşaqlar, gənclər, yeniyetmələr idmanla məşğul olmaq üçün bölmələrə gəlirlər, məşğul olurlar, fiziki sağlamlıqlarını möhkəmləndirirlər. Onun fikrincə, bu, özünü beynəlxalq yarışlarda əldə edilən uğurlarda da göstərir: “Xüsusilə yeniyetmələrin birinci Olimpiya Oyunlarında Azərbaycan gənclərinin əldə etdikləri uğurlar bizi hədsiz dərəcədə sevindirir. İlk dəfədir ki, beynəlxalq miqyasda yeniyetmələrin Olimpiya Oyunları keçirilib. Azərbaycan milli komandası bu yarışlarda dünya miqyasında 11-ci yerə layiq görülüb. Bu, böyük qələbədir. Bu, həm də onu göstərir ki, Azərbaycan sözün əsl mənasında idman dövlətidir. Onu da göstərir ki, burada idman prosesi çox düzgün təşkil edilib, gənclər, yeniyetmələr, uşaqlar idmanla məşğul olurlar və ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər”.

İlham Əliyev bildirib ki, Azərbaycanda çox güclü gənclər siyasəti aparılır: “Bu yaxınlarda Azərbaycan gəncliyi Dövlət Proqramı qəbul ediləcəkdir. Bu proqramda gənclərlə bağlı bütün məsələlər öz əksini tapacaq. Gənclərin məşğulluğu, sağlam yaşaması, iş yerlərinin açılması, idmanla məşğul olması üçün orada xüsusi məsələlər öz həllini tapacaq. Gənc alimlərin fəaliyyəti üçün əlavə tədbirlər görüləcəkdir. Gənclər Fondu yaradılacaq. Bakıda və rayonlarda gənclər mərkəzləri tikiləcək. Bütün bunlar proqramlarımızda var və biz elə etməliyik ki, Azərbaycanda idmanın inkişafı bundan sonra da sürətlə getsin. Eyni zamanda, gənclər siyasəti də Azərbaycanda yüksək səviyyədə aparılır və aparılmalıdır”.

“Ölkəmiz müstəqil ölkə kimi gəncdir”, - deyən dövlət başçısının sözlərinə görə, Azərbaycan dinamik şəkildə inkişaf edir. Prezident bildirib ki, son 7 il ərzində ölkədə 900 mindən artıq yeni yeri açılıb ki, onların tam əksəriyyəti daimi iş yerləridir. Dövlət başçısı bəyan edib ki, hökumət işsizliklə bağlı olan bütün problemləri bilir, onları həll edir və edəcək. İlham Əliyev deyib ki, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, sənaye potensialıının möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, regional inkişaf proqramının icrası - bütün bunlar bizim üçün əsas istiqamətlərdir və hər bir istiqamət üzrə konkret nəticələr var: “Biz iqtisadiyyatı inkişaf etdirməklə sosial proqramların həllinə də nail olmuşuq. Sosial problemlərin həlli və imkansız təbəqənin yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, əhalinin qaza, suya olan borcları silindi. Nə üçün? Ona görə ki, kimin ki, imkanı yoxdur, o borc yükünü onların çiyinlərindən götürək. Digər sosial proqramlar - ünvanlı sosial yardım icra edilir. İndi pensiyaların, minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflər verilib. Biz yaxın zamanlarda bu təşəbbüslərin nəticələrini də görəcəyik”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır: “Bu gün ölkəmiz öz resursları hesabına yaşayır və inkişaf edir. Bizdə olan inkişafın dünya miqyasında heç bir analoqu olmayıb. Çünki 7 il ərzində iqtisadiyyatımız 3 dəfə artıbdır, dünya təcrübəsində belə göstərici olmayıb. Yəni, inkişafımız dinamikdir, dayanıqlıdır və hərtərəflidir. Bununla bərabər, ölkədə hələ ki, problemlər var və bu problemlər öz həllini tapmaqdadır. Biz bütün istiqamətlər üzrə siyasətimizi davam etdirəcəyik”. Prezidentin sözlərinə görə, ölkəmizin, regionların inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. “Elə etməliyik ki, Azərbaycanda yaşayan hər bir vətəndaş həm işlə təmin olunsun, həm də onun məvacibi tələblərinə uyğun olsun”, - deyən Prezident bildirib ki, bizneslə məşğul olanlar üçün gözəl şərait yaradılır və əgər belə olmasaydı, bu gün özəl sektor inkişaf etməzdi.

 

OXŞAR XƏBƏRLƏR