Prezident Administrasiyasından əsgər ölümlərinə - Reaksiya

Prezident Administrasiyasından əsgər ölümlərinə -  Reaksiya
Bütün Xəbərlər
11:51 23.04.2013
1769

“Bu gün Azərbaycan Silahlı Qüvvələri texniki təchizat, silah-sursat, nizam-intizam və döyüş qabiliyyətinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Son illər Azərbaycan Prezidenti Milli Ordumuzun inkişafına böyük diqqət ayırır, silahlı qüvvələrimizin büdcəsi Ermənistanın dövlət büdcəsindən böyükdür. Əminliklə demək olar ki, Milli Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və suverenliyini qorumaq iqtidarındadır”.

AZXEBER.COM-un məlumatına görə, bunu Prezident Aparatı İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, bu amil erməni lobbisini, onların havadarlarını və ermənilərin təsiri altında olan siyasi dairələri bərk narahat edir. Əli Həsənov hesab edir ki, Azərbaycan Ordusu ilə bağlı mövzunun əsaslı şəkildə aktuallaşdırılmasının başlıca səbəblərindən biri də bu amildir. “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Silahlı qüvvələrimiz daim yüksək hərbi hazırlıq vəziyyətində öz missiyasını layiqincə yerinə yetirir. Təəssüf ki, biz təkcə hərbi əməliyyatlar zamanı deyil, bəzi hallarda dinc şəraitdə də əsgər ölümü halları ilə üzləşirik. Əlbəttə, belə hallar bizi ağrıdır, incidir. Əsgər ölümü faktları Azərbaycan Prezidentinin göstərişi ilə araşdırılır, müvafiq hərbi hissə komandirləri cəzalandırılır, gələcəkdə də bu cür halların qarşısının alınması üçün qətiyyətli addımların atılacağı şübhəsizdir. Amma heç bir dövlətin ordusu əsgər ölümündən sığortalanmayıb. Bu məsələdən öz siyasi məqsədləri uçun istifadə edərək Milli Ordumuzu nüfuzdan salmağa çalışan həm xarici, həm də daxili qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqını belə populist şüarlarla aldatmaq və yanlış yola istiqamətləndirmək mümkün olmayacaq. Milli Ordumuz bizim qürur mənbəyimizdir və əlində silah olan hər bir əsgərimiz bizim üçün əzizdir”, - Prezident Administrasiyasının rəsmisi bildirib.

OXŞAR XƏBƏRLƏR