“Paşinyan əməkdaşlığa meyillidir, sadəcə indi...”

“Paşinyan əməkdaşlığa meyillidir, sadəcə indi...”
SİYASƏT
14:41 14.04.2021
865

Xəbər verdiyimiz kimi, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda regiondakı mövcud vəziyyətlə bağlı önəmli məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Ölkə başçısının öz çıxışında xüsusi vurğuladığı məsələlər arasında Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılması, regionun iqtisadi təhlükəsizliyinin təmini və nəzərdə tutulan beynəlxalq kommunikasiya xətlərinin işlək vəziyyətə gətirilməsi idi.

Sözügedən çıxışı şərh edən politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a açıqlamasında kommunikası xətlərinin yaxın gələcəkdə açılmasının mümkün olduğunu bildirib: "Bəyənatda Azərbaycan-Ermənistan arasında kommunikasiya xətlərinin açılması nəzərdə tutulur. Biz də bunun nə vaxt olacağını gözləyirik. Ümumiyyətlə, Paşinyanın müharibədən sonrakı ritorikası dəyişib. O, indi Azərbaycan və Türkiyə ilə əməkdaşlığın vacibliyindən bəhs edən açıqlamalar verir. Amma indi Paşinyan iyunun 20-dəki parlament seçkilərinə hazırlaşır. Hər halda seçkidən sonra bu məsələlər həll oluna bilər. Mənim proqnozum belədir ki, Paşinyan əgər seçkilərdə qələbə qazanıb hakimiyyətə gələrsə, bu il ərzində kommunikasiya xətlərinin açılması mümkündür”.

Elxan Şahinoğlu onu da bildirib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması da gözləniləndir: "Hətta Türkiyə ilə sərhədlərin açılması da mümkündür. Sadəcə, Paşinyan indi bunları etməkdən ona görə qorxur ki, erməni müxalifətin təzyiqi ilə üzləşəcək. Amma onların başqa çıxış yolu yoxdur. Bunu təkcə biz istəmirik, bunu Türkiyə də, Rusiya da, İran da istəyir. Yəni bu bölgə regional əməkdaşlığa çevrilməlidir. Bu səbəbdən Paşinyan buna çox müqavimət göstərə bilməyəcək. Nəzərə alsaq ki, Rusiya da bunu istəyir, istər-istəməz yaxın müddətdə bu baş verməlidir”.

Politoloqun sözlərinə görə, əgər Ermənistan yenidən fəlakətlə üzləşmək istəmirlərsə, Azərbaycanla əməkdaşlıq təşəbbüsünə yiyələnməlidirlər: "Ermənistan gərək işğalçı siyasətdən, işğalçı açıqlamalardan uzaq dursun. Anlasın ki, Türkiyə və Azərbaycanla əməkdaşlıq olmadan Ermənistanın gələcəyi yoxdur. Dövlət başçısı da qeyd etdi ki, bunu anlayanlar var, sadəcə bunu dilə gətirməyə qorxurlar. Əgər onlar gələcəkdə yenə də müharibə istəmirləsə, yenə də fəlakətlə üzləşmək istəmirlərsə, münasibətləri normallaşdırmalıdırlar”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR