AZXEBER.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında deyib. Dövlət başçısı əminliyini ifadə edib ki, bu, gələcəkdə də təmin ediləcək: " Həm peşəkarlıq artır, eyni zamanda, orqanların əməkdaşları vətənpərvər, öz Vətəninə, Azərbaycanın müstəqilliyinə bağlı olan insanlardır. Eyni zamanda, texniki təchizat indi əlbəttə ki, əvvəlki illərlə müqayisəedilməz dərəcədə artıb. İndi texniki imkanlarımız elədir ki, bizə qarşı hətta planlaşdırılan hər hansı bir təxribatın qarşısını vaxtında almaq üçün imkan var. Elə imkanları biz yaratmışıq. Həm texniki təchizat, peşəkarlıq, düşünülmüş iş, operativ əməliyyatlar və eyni zamanda, beynəlxalq əlaqələrimiz və təmaslarımız, əlbəttə ki, bax indiki vəziyyətə gətirib çıxarıb. Bu gün Milli Təhlükəsizlik Nazirliyi öz üzərinə düşən funksiyaları çox şərəflə, ləyaqətlə yerinə yetirir"."Onu da qeyd etməliyəm ki, biz, eyni zamanda, dünyada gedən prosesləri izləyirik və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün öz töhfəmizi veririk. Bu barədə də əlbəttə ki, açıq danışmaq olmaz. Ancaq qeyd etməliyəm ki, bu gün Azərbaycan və onun təhlükəsizlik orqanları bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün öz dəyərli töhfələrini verirlər", - İlham Əliyev əlavə edib.Prezidentin sözlərinə görə, MTN-in spesifikası ondan ibarətdir ki, fəaliyyəti geniş ictimaiyyətə bəzi hallarda o qədər də bəlli deyil: " Bu da təbiidir. Çünki dünyanın istənilən ölkəsində xüsusi təhlükəsizlik orqanlarının spesifikası bundan ibarətdir. Ancaq siz də bilirsiniz, mən də Ali Baş Komandan kimi bilirəm ki, sizin nə qədər böyük zəhmətiniz, fədakarlığınız, peşəkarlığınız olmuşdur ki, vətəndaşlarımız rahat yaşasınlar. Son illər ərzində Azərbaycana qarşı edilən terror, təxribat cəhdlərinə, xaricdən göndərilən casusluq şəbəkələrinin nümayəndələrinə, Azərbaycan dövləti və milli təhlükəsizlik orqanları tərəfindən layiqincə cavab verilib. Azərbaycan dövlətinin uğurlu inkişafı, Azərbaycan xalqının rahat yaşaması təmin edilib".