Bakı metrosu üçün böyük inkişaf planımız var.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransaya işgüzar səfəri çərçivəsində Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, bir müddət öncə onun sədrliyi ilə böyük konfrans keçirilib və Bakı metrosunun inkişafı üzrə Dövlət Proqramı qəbul edildi.
“Hələlik bizim, daha dəqiq desək, hazırda 23 metro stansiyamız var. Onların əksəriyyəti sovet dövründə tikilib. Amma son bir neçə ildə biz hər il bir yeni metro stansiyası açırıq. Amma planlar daha genişdir.
Metronun böyük inkişaf planı 2030-cu ilə qədər əlavə 50 stansiyanın tikintisini nəzərdə tutur. Bu, o deməkdir ki, biz çox işləməli olacağıq və bizə yaxşı tərəfdaşlar lazım olacaqdır. Yeri gəlmişkən, Fransanın “SYSTRA” şirkəti Bakı metrosunun böyük inkişaf planı üzərində işləyir”.
Prezident bildirib ki, bu layihə bütövlüklə dövlət tərəfindən, dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.
“Hər il biz bu məqsədlə əsaslı maliyyə vəsaiti ayırırıq. Yeganə məsələ onunla bağlıdır ki, bizə yaxşı podratçılar lazımdır. Bizim öz şirkətimiz var ki, hələlik Azərbaycan üçün metro tikir və onlar işi yüngülləşdirən yeni qazma qurğusu alıblar.
Amma işin miqyasını, sürətini və 2030-cu ilə qədər çatmalı olduğumuz məqsədi nəzərə alaraq, bizim beynəlxalq podratçı şirkətlərə ehtiyacımız olacaq”.
İlham Əliyev vurğulayıb ki, iqtisadi transformasiya prosesində xarici şirkətlərlə işləyirik və yerli şirkətlərimizin də beynəlxalq şirkətlərə çevrilməsini istəyirik. “Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaqdır”.