‘Prezident İlham Əliyev bu çıxışında BMT-nin, ATƏT-in əsl üzünü ortaya çıxartdı’ – Jalə Əliyeva

‘Prezident İlham Əliyev bu çıxışında BMT-nin, ATƏT-in əsl üzünü ortaya çıxartdı’ – Jalə Əliyeva
Bütün Xəbərlər
13:58 26.06.2014
949
“Cənab prezidentin BMT-nin Təhlükəsizlik Şurasının hələ də icra edilməyən 4 qətnaməsi ilə bağlı dediyi fikirlər Avropa dövlətlərini düşündürməlidir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyevin AŞPA Parlament Assambleyasındakı çıxışını şərh edərkən söyləyib.
O, prezidentin çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün regionu təhdid altında saxlamasını, Dağlıq Qarabağa ermənilərin sonradan gəlməsini, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq onların hələ də icra edilməməsini, ancaq bəzi ölkələrdə bu qətnamələrin bir neçə saat ərzində icra edilməsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.
Millət vəkili ölkə başçısının Avropa ölkələri qarşısında qoyduğu tutarlı mövqeyini Azərbaycan xalqının mövqeyi olduğunu deyib:
“Prezidentin AŞPA Parlament Assambleyasındakı çıxışı zamanı ortaya qoyduğu mövqe Azərbaycan xalqının mövqeyi idi. Ölkə başçısı dəfələrlə söyləyib ki, Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaranmasına icazə verilməyəcək. Avropada olan bütün irili-xırdalı dövlətlər Azəbaycanın çox güclü bir orduya sahib olduğunu və onun dinamik inkişaf edən iqtisadiyyata malik olduğunu çox yaxşı bilir. Onlar yaxşı bilirlər ki, Azərbaycan son ana qədər öz topaqlarını danışıqlar masasında geri almağa çalışacaq. Əgər bu baş tutmayacaqsa o zaman ölkəmizin güclü ordusu torpaqlarımızın bir qarışını belə düşmən tapdağında qoymayacaq. Cənab prezidentin BMT Təhlükəsizlik Şurasının hələ də icra edilməyən 4 qətnaməsi ilə bağlı dediyi fikirlər düşünürəm ki, Avropada demokratik dəyərlərlə idarə olunduğunu deyən, insan hüquqlarının carçısı olduqlarını iddia edən dövlətləri düşündürməlidir. Bu günə kimi bu qətnamələrin icra edilməməsi, ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində hansısa yeni bir addım atmaması onları düşündürməlidir. Prezident İlham Əliyev bu çıxışında bir daha BMT-nin, ATƏT-in əsl üzünü ortaya çıxartdı Ancaq bir çox hallarda biz gerçəkləri deyil, Azərbaycana qarşı Avropada aparılan ikili standartları görürük”.
Qeyd edək ki, prezident çıxışında müstəqillik illərində vətəndaş cəmiyyəti quruculuğu, demokratik prinsiplərin tətbiqi, fundamental azadlıqların təmin olunması sahəsində ciddi uğurlar əldə olunduğunu qeyd edib:
“Biz üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Azərbaycanda bir çox azadlıqlar, demokratik institutların fəaliyyəti təmin edilir, mətbuat və söz azadlığı sahəsində mühüm islahatlar həyata keçirilib, azad internet mövcuddur. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Biz KİV-in azadlığını daha da genişləndiririk. Mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik”.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR