Prezident İlham Əliyev bu məktəbdə oxuyub - REPORTAJ + FOTOLAR
Bütün Xəbərlər
16:04 05.10.2012
3635
Və etiraf edim ki, hər dəfə də, yolun sağ tərəfində ucalan bu qeyri-adi görkəmli, möhtəşəm binaya böyük coşqu ilə girib-çıxan məktəbliləri görərkən yaxşı mənada içimdən şirin bir paxıllıq hissi keçir: – Kaş bizim zamanımızda da bu cür səviyyəli təhsil ocaqları olaydı.Özüm məktəbi cəmi 5 il öncə bitirmişəm…Bu bina kənardan Yenisey sarayını xatırladır. Məncə Bakının ən zövqlü arxitektor nümunələrindəndir. 2011-ci ildə əsaslı təmirdən çıxıb. Ən çox prezident İlham Əliyevin təhsil aldığı məktəb kimi tanınır bura…Bayırda, bir tərəfdə yenicə dərsləri bitən və hələ də qədəm qoyduqları məktəbin ab-havasına öyrəşə bilməyərək ora-bura qaçışan birincilər, digər tərəfdə övladlarının dərsdən çıxmasını həyəcanla gözləyən valideynlər, bir yanda da məktəbi bitirib universitetə daxil olmaq istəyən abituriyentlər və nəhayət, yol boyu düzülən maşınlar, bəlli saatlarda müşahidə olunan tıxac…Və nə xoş ki, uzun zamandır müşahidə etdiyim bu əsrarəngiz təhsil ocağının yanından bu dəfə ötəri keçməyəcəyəm. Çünki reportaj hazırlamağa gəlmişəm. Müəllimlər günü ilə bağlı.Məktəbin həyətinə doğru irəliləyirəm. İlk reaksiya elə giriş qapısındaca gəlir. “Hara gedirsiniz, kim lazımdır?”. Tez jurnalist olduğumu söyləyib, təsdiqləyici sənədi göstərsəm də, hiss edirəm ki, hələ binaya daxil olmaq üçün mühafizə xidmətinin əməkdaşlarını bir az daha inandırmalı olacağam.“Azərbaycanın ən nüfuzlu təhsil ocaqlarından biri kimi bu məktəbdən sevgi dolu reportaj hazırlamaq istəyirəm”.Aha, deyəsən obrazlı ifadə işə yarayır. Hiss olunur ki, qəfil yumşalma var və qapıda əyləşən mühafizəçi mənimlə dialoqa başlayır: “Lütfən, düzgün, ədalətli, bu məktəbin haqqını verən bir yazı hazırlayın. Ən əsas da, neyniyirsiz edin, bizə söz gəlməsin” – bunu da mənə mühafizə xidmətin digər əməkdaşı xüsusi bir lütflə söyləyir (Güman ki, komandir idi – çünki onun tapşırığından sonra içəri keçməmə kimsə mane olmur).Beləcə artıq, Azərbaycanda adla tanınan və çox məşhur olan 6 nömrəli məktəb-liseyin dəhlizindəyəm. Bura mənə ilk baxışdan hansısa nazirlik və ya icra hakimiyyətini xatırladır.İlk qarşıma çıxan əməkdaşdan direktorun burda olub-olmadığını soruşuram. Heyf, yoxmuş. Xarici səfərə getdiyini söyləyirlər. Amma olsun, kefimi pozmuram. Çünki reportaj hazırlamaq üçün ətrafda yetərincə müsahiblərin olduğu qənaətindəyəm. Onu da qeyd edim ki, məktəbdə şagirdlərin uniforması göz oxşayır və bu mənzərəni görüb məktəb illərində cins şalvarla dərsə getdiyim vaxtlar yadıma düşür.Elə bu anda binanın ilk mərtəbəsində, ixtiyari bir sinif otağının qapısını açıram. Deyəsən, dərsi pozmuşam.Üzərimə yönələn baxışlardan da bu açıqca sezilir. Birincilərdir və güman ki, verilən ağır bir tapşırığın həlli zamanına təsadüf edib, bu qəfil gəlişim. Bu arada, müəllimənin fikrini yayındırdığım üçün uşaqların xüsusi məmnunluğu da gözlərindən bəllidir (Sonradan biləcəm ki, girdiyim sinif “1 c”-dir. Biri-birindən gözəl olan bu birincilərə ilk elmi bilikləri tədris edən xanımsa məktəbin ən istedadlı və tanınmış müəllimlərindən olan Səbinə Məcidovadır).Müəllimin bayramını təbrik edib, gəlişimin məramını anladıram və müəllimədən məktəb haqqında azacıq da olsa məlumat verməsini rica edirəm. Səbinə xanım da sağ olsun, öz dəyərli vaxtından bizə ayırıb, söhbətləşməyə razı olur.“Məktəbimiz haqqında güman edirəm ümumi bilgiləriniz olmamış deyil. Çünki, hər nə qədər təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, bu məktəb Azərbaycanın təhsil məkanında adla tanınır və dövlətimizə, millətimizin gələcək həyatına çox ciddi töhfələr verib. Və heç şübhəsiz, 6 nömrəli məktəb-lisey bir çox özəllikləri ilə də cəmiyyətə tanışdır.Məktəb 2011-ci ildə əsaslı təmirdən sonra yenidən müəllim-şagird heyətinin istifadəsinə verilib. Altımərtəbəli təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində təşkili üçün demək olar ki, bütün ideal imkan yaradılıb. Yenidənqurma işlərindən sonra məktəbin ərazisi xeyli genişlənərək 13 min kvadratmetr həddinə çatıb. Məktəb 2 min 270 şagird yerlikdir. Təxminən 2000-nə yaxın şagird burada təhsil alır. Onların təlim-tərbiyəsi ilə isə 110 müəllim məşğul olur. Eyni zamanda vurğulayım ki, infrastruktur yenilənməsindən sonra xüsusi təhlükəsizlik sistemi yaradılıb və tədris müəssisəsinin həyətində, dəhlizlərində və sinif otaqlarında baş verən proseslər 14 xarici və 97 daxili videokamera vasitəsilə izlənilir.Bayaq qeyd etdiyim özəlliklərdən biri də odur ki, 1968-ci ildə Cenevrədə yaradılan İP proqramı keçən ildən etibarən 6 nömrəli məktəbdə də tətbiq edilir. Ən əsas və sevindirici məqamsa bu təhsil ocağının şagirdlərinin həmin qeyd olunan nadir imkandan pulsuz istifadə etməsidir.Məktəbin 10-cu və 11-ci sinifləri üçün diplom proqramı tətbiq edilib. Proqrama əsasən tədris bütün fənlər üzrə yalnız ingilis dilində aparılır. Şagirdlərin təhsili həm ölkə, həm də xarici mütəxəssislər tərəfindən qiymətləndirilir. 45 bal toplayan şagird avtomatik olaraq Oksford, Kembric kimi nüfuzlu təhsil müəssisələrinə daxil olmaq imkanı qazanır. İP diplomu dünyanın 2 min 544 universitetində tanınır. Bu proqramın 6 nömrəli məktəbdə tətbiqi ilə əlaqədar müəllimlər Hamburq və Sürixdə treninqlər keçiblər.Təhsil müəssisəsinin imza atdığı daha bir yenilik isə – 10-cu sinifdən etibarən profil siniflərinin yaradılmasıdır. İndi bu pilot proqram Bakının sadəcə beş məktəbində tətbiq edilir.Elə indi sizin də daxil olduğunuz sinif kimi, təhsil ocağının bütün sinifləri kompyuter və proyektorlarla, bir çox sinif otaqları isə “ağıllı lövhə” adlandırılan smart lövhələrlə təchiz olunub. Bu interaktiv lövhələr isə ən son texnologiyaların məhsuludur.Bax belə… Əslində söyləniləcək şeylər həddindən artıq çoxdur. Məktəbdə olduğum zaman belə bir qənaətə gəlirəm ki, məktəbin direktoru Gülşən Orucova başda olmaqla bütün müəllim heyətinin qarşıya qoyduğu məqsəd birdir: Vətənə, millətə xeyirli övlad yetişdirmək.“Və sizə deyim ki, prezident İlham Əliyevin də məhz 10 il bu məktəbdə təhsil alması da bizim qürurumuzu və məsuliyyətimizi birə-beş artırır. Hər kəs əmin olsun ki, Prezidentimizin, dövlətimizin, təhsilimizin adına layiq olmaq üçün əlimizdən gələni əsirgəmirik və bundan sonra da əsirgəməyəcəyik” – Səbinə xanım məktəb haqqında o qədər ürək dolusu və maraqlı danışırdı ki, tənəffüs zənginin səsi gəlməsəydi, dərsin gedişini əməlli-başlı pozduğumdan özümün də xəbəri olmayacaqdı. Amma bu gün onların – yəni müəllimlərin günüdür. Yəqin hər kəs günahımızdan keçər…Səbinə xanımla sağollaşıb redaksiyaya qayıtmaq istərkən müəllimlərdən biri məni bufetə dəvət edir. Bufetdə şagirdlər və məktəbə qədər hazırlığa gələn uşaqlar əyləşib, yemək yeyirlər. Zəng vaxtı olduğundan müəllimlər də bufetdədir. Bura şəhərin ən gözəl şadlıq evlərindən, restoranlarından fərqlənmir.Yenidən dəhlizə tərəf gəlirəm. Hər halda qarşıma çıxmışkən valideynlərdən də birinin fikrini almaq pis olmaz. Özünü Ülviyyə xanım kimi təqdim edən valideyn böyük məmnunluq hissi ilə danışır: “Çox razıyam. Hamıdan və hər şeydən. Valideynin üzərinə düşən ən böyük məsuliyyətlərdən biri də övladının keyfiyyətli təhsil almasına çalışmaqdır. Elə bu səbəbdən məktəb seçimi ilə bağlı çox tərəddüd etmədik. Çünki tanış-bilişdən eşitmişdim ki, 6 nömrəli məktəb-lisey özünün xüsusi səviyyəsi ilə seçilir. Beləcə gəldik və öz gözlərimizlə də bunun şahidi olduq. Məktəbin direktoru Gülşən xanım başda olmaqla bütün kollektiv sanki say-seçmədir. Hamısı biri birindən gözəl, nurlu, ziya dolu insanlardır. Elə sizlərin vasitəsilə fürsətdən istifadə edib bütün müəllimlərin bu gözəl gününü təbrik edirəm. Tanrı onlara hər zaman yar olsun”.Həyatımızda elə insanlar olur ki, onların qarşısında hər zaman özümüzü borclu hesab edirik. Onları harada görsək həyəcanlanır, uşaqlıq illərimizə qayıdırıq. Çünki bu insanlar valideynlərimiz kimi hər cür şıltaqlığımıza dözüb, kədərimizə kədərlənib, sevincimizə seviniblər. Bu gün 5 oktyabr həmin şəxslərin günüdür. Bayramınız mübarək, əziz müəllimlər, yaxşı ki, varsınız.Hacıbəy Heydərli