Prezident İlham Əliyev aprelin 19-da Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay investisiya korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybanini qəbul edib. AZXEBER.COM-un “AzərTAc”a istinadən verdiyi məlumata görə, Məhəmməd Əl Şaybani Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. O, Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyib. Prezident İlham Əliyev Dubayda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Azərbaycanla Dubay Əmirliyi arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi və digər sahələrdə yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib. Prezident İlham Əliyev Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dubay Əmirinə çatdırmağı xahiş edib.