Prezident İlham Əliyev Füzulidədir

Prezident İlham Əliyev Füzulidədir
Bütün Xəbərlər
15:47 15.12.2012
948
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib. Dövlət başçısı Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Horadiz şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, YAP rayon təşkilatının yeni inzibati binasının inşasına 2011-ci ilin martında başlanılmış və 2012-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli binada tikinti işləri yüksək səviyyədə aparılıb. Binanın foyesində partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı, o cümlədən Yeni Azərbaycan Partiyasının respublikamızın siyasi həyatında rolunun artırılması ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb.
Prezident İlham Əliyev fotoguşələrə baxıb.
Təşkilatın daha səmərəli fəaliyyəti üçün binada hər cür şərait yaradılıb. Diqqətə çatdırılıb ki, YAP Füzuli rayon təşkilatının 5 min 500-dən çox üzvü var. Onların 2 min 300-ü qadınlar, 1500-ü isə gənclərdir.
Prezident İlham Əliyev YAP Füzuli rayon təşkilatının yeni inzibati binasında yaradılan şəraiti yüksək qiymətləndirib.
Dövlət başçısı Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov görülmüş işlər barədə prezidentə məlumat verib. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada yeni yaradılmış ana və uşaq otağı, akt zalı və yeməkxana fəaliyyət göstərir. Vağzal binasında sərnişinlərin əşyalarının saxlanması üçün kameralar quraşdırılıb, dispetçer otağında yüksək xidmət şəraiti yaradılıb. Bundan başqa, binada həkim otağı, inzibati otaqlar, kassalar və digər bölmələr var.
Qeyd olunub ki, Horadiz sərnişin stansiyasında bilet satışı noyabrın 1-dən etibarən avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulub. Artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası da bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.
Prezident İ. Əliyev yaradılmış şəraitdən razılığını bildirib.
OXŞAR XƏBƏRLƏR