Prezident İlham Əliyev “Koroğlu” stansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Koroğlu” stansiyasının açılışında iştirak edib
Bütün Xəbərlər
20:19 30.12.2011
2608
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Metropoliteninin yenidən qurulmuş “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının, yeraltı piyada keçidinin açılışında iştirak edib, yeni salınmış park və burada yaradılmış musiqili od fəvvarə kompleksi ilə tanış olublar. AZXEBER.COM-un “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlət başçısına və xanımına stansiyanın yeni yerüstü binası haqqında məlumat verib. Bildirilib ki, stansiyanın piramida formasında inşa edilmiş yeni yerüstü binasında müasir işıqlandırma sistemi quraşdırılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq qəhrəmanı Koroğlunun burada ucaldılacaq abidəsinin eskiz layihələrinə baxıblar. Dövlət başçısı və xanımı platformada yaradılan şəraitlə tanış olublar. Burada “SOS” həyəcan sistemi tətbiq edildiyi nəzərə çatdırılıb. Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev prospekti və Ziya Bünyadov prospektinin kəsişməsində inşa edilmiş yeraltı piyada keçidi ilə tanış olublar. Dövlət başçısı və xanımı keçidin texniki göstəricilərini əks etdirən stendlərə baxıblar. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, burada uzunluğu 140 və 65 metr olmaqla iki tunel istifadəyə verilib. Hər iki tunelin eni 6 metrdir. Tunellərdə müşahidə kameraları və metro stansiyasına girişi göstərən elektron istiqamətləndirici lövhələr quraşdırılıb. Dövlət başçısı və xanımı daha sonra Bakının Nizami rayonunda salınmış parkın ərazisi və burada quraşdırılmış musiqili od fəvvarə kompleksi ilə tanış olublar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, parkın ərazisində 12 min kvadratmetr sahədə yaşıllıq salınıb, Hollandiyadan və İtaliyadan gətirilmiş gül və bəzək kolları əkilib. Burada müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb. Parkın ərazisində inşa olunmuş musiqili od fəvvarə kompleksinin struktur hissəsinin konstruksiyası 60 kilometr/saniyə gücündə küləyə və 9 ballıq zəlzələyə davamlıdır. Alov simvolu cilalanmış paslanmayan metaldan və kristaldan ibarətdir. Kompleksin tikintisində ABŞ, İngiltərə və İtaliya şirkətləri iştirak edib. Dövlət başçısı və xanımı musiqili od fəvvarə kompleksinin postamentinin altında quraşdırılmış avtomatlaşdırılmış sistem ilə tanış olublar.
OXŞAR XƏBƏRLƏR