Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir.
AZXEBER.COM-un məlumatına görə, bunu Füzuli Su Elektrik Stansiyasının aılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.Dövlət başçısının sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan bütün ərazilər də belə gözəl, abad yerlərə çevriləcək.“Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar.Hər birimiz öz işimizlə o tarixi günü yaxınlaşdırırıq. Çünki ölkəmizin artan qüdrəti, beynəlxalq nüfuzu, ölkədə gedən müsbət proseslər bizim gücümüzü artırır.Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz sahibidir, böyük hörmətə malik olan ölkədir.
Təsadüfi deyil ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir və bu gün biz dünyanın ən mötəbər qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük, bu təşkilatda çox fəal və uğurla fəaliyyət göstəririk.Bu yaxınlarda biz Qoşulmama Hərəkatına üzv olduq və dərhal bu təşkilatın birinci zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox dəyərli qətnamə qəbul edildi. Orada göstərilir ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Yəni, bizim beynəlxalq nüfuzumuz, iqtisadi gücümüz artır, hərbi potensialımız da artır”.Ermənistana gəldikdə isə, İlham Əliyev vurğulayıb ki, onların işğalçı siyasəti özlərini ağır vəziyyətə salmışdır.“Onların rəsmi statistik məlumatlarına görə, hər il yüz mindən artıq vətəndaş bu ölkəni tərk edir.
Ümidsizlik, özbaşınalıq, səfalət və iqtisadi tənəzzül - bunlardır Ermənistanı başqa ölkələrdən fərqləndirən əlamətlər. Azərbaycan isə inkişaf edir və bizdə olan inkişaf uzunmüddətlidir, dayanıqlıdır.Bir daha demək istəyirəm ki, görülən tədbirlər nəticəsində bu gün Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilibdir. İllər keçdikcə Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşəcək - həm iqtisadi, həm hərbi və həm də demoqrafik sahədə. Bizim əhalinin sayı artır, Ermənistanda isə əhali azalır.Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqeyimiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti.
Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır.Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha da fəal olmalıyıq”.