Azərbaycan prezidenti İlham Əliyev Parisdə “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşüb.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Dövlət başçısının digər görüşü “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə olub. Görüşdə “Tecnip” şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olunub. Həmçinin gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
İlham Əliyev həmçinin “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb. Görüşdə Azərbaycanla “GDF-Suez” şirkəti arasındakı əlaqələrin perspektivləri, “Abşeron” qaz yatağı üzrə əməkdaşlıq, həmçinin Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.