Prezident İlham Əliyev bu gün Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin açılışında iştirak edib, magistralın ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısında tikilmiş tunelin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirib ki, ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 65 metrə, eni isə 23 metrə yaxın olan tunelin inşası yüksək keyfiyyətlə başa çatdırılıb. Dörd zolaqdan ibarət tunelin hərəkət hissəsinin eni 15 metrdir. Yolun bu sahəsinin müxtəlif hissələrində yeraltı piyada keçidlərinin inşasının başa çatdırıldığı, körpünün tikintisinin isə tamamlanmaq üzrə olduğu bildirib. Dövlət başçısı tunelin açılışını bildirən lenti kəsib. Açılışdan sonra Prezident İlham Əliyev yolun rahatlığını yoxlamaq üçün sükan arxasına keçərək avtomobili idarə edib. Sonra Prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olub. Layihə ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.