Prezident mükafatını almış gənc: "Torpağıma çox bağlı insanam"

GƏNCLİK
16:46 06.02.2014
1806

Flora Hacıyeva Azərbaycanın adını dünyaya tanıtdıran gənc alimlərdəndir.

Elm və təhsil sahəsində çoxsaylı uğurlarına görə Flora xanım Gənclər üçün Prezident Mükafatına layiq görülən altı şəxsdən biri oldu.

Flora Hacıyeva 15 yaşında Universitetin kimya fakültəsinə daxil olub, 21 yaşında magistratura təhsilini bitirib. Dərhal da Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Laboratoriyasında işləməyə başlayıb. Buradakı fəaliyyəti dövründə bir çox elmi tədqiqatlara, layihələrə imza atıb. Kimya üzrə Fəlsəfə doktorudur, elmlər doktoru üzrə tədqiqatlar aparır.

Ayrı-ayrı illərdə müxtəlif müsabiqələrin və yarışmaların qalibi olaraq diplom və sertifikatlara layiq görülüb. Gənclər və Turizm Nazirliyi tərəfindən “Gənclər mükafatı laureatı” mükafatına layiq görülüb. Elm və təhsil sahəsində ən yüksək nailiyyət əldə edən gənclər üçün "Debütlər Birliyi" beynəlxalq mükafatını alıb.

Flora Hacıyeva MDB ölkələrinin Gənc Alimlərinin Ekspert Şurasının Üzvü, Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının sədridir.

Gənc alimlə söhbətə elə işlədiyi laboratoriya haqqında başlayırıq.

Azərbaycanda nanotexnologiyalar üzrə yaradılan ilk elmi mərkəzdə həm tədqiqatlar aparılır, həm də elmi biliklər tədris olunur
- Nanoaraşdırmalar laboratoriyası təhsil mərkəzidir, ya tədris?

- Bu, Azərbaycanda nanotexnologiyalar üzrə yaradılan ilk elmi mərkəzdir, həm tədqiqatlar aparılır, həm də bu bilikləri tədris edir. Bu texnologiya 0,1-100 nanometr ölçüsündə olan hissəciklərin alınması, quruluşu və real tətbiqi ilə məşğuldur. Müqayisə üçün deyim ki, 1 nanometr insan saçı qalınlığının 100 min dəfə kiçildilmiş hissəciyinə bərabərdir. XXI əsrdə nanotexnologiyaların tətbiqi 3-cü elmi inqilab sayılır. Bu ölçüdə hissəciklərin verdiyi effektlər indiyə kimi elmə məlum olan makro və elektron hissəciklərdən tamamilə fərqlidir.

- Azərbaycanda nanotexnologiyalardan hansı sahədə istifadə olunur?

- Əsasən neft-qaz sahəsində çox uğurlu tətbiqi var. Su səthindən nazik neft təbəqələrinin yığılmasında inanılmaz effekt verir. Biz kağız üzərində qalan tədqiqatlar aparmırıq. Nanotexnologiyalar sırf tətbiqi olan fundamental elm sahəsidir. Ona görə də innovativ layihələr icra edirik. Bu laboratoriyada Azərbaycanda yeganə olan mikroskoplar alınıb.

- Laboratoriyadan tələbələr necə yararlanır?

- Artıq tələbələr üçün nanotexnologiyalar üzrə bir neçə dərslik çap etmişik. 2007-ci ildə kimya, fizika, biologiya fakültələri üçün magistr ixtisasları açılıb. Tələbələr molekulyar səviyyədə, bir atom dəqiqliyi ilə aparılan ölçmələri özləri yerinə yetirir. Bu ixtisas üzrə bir elmi doktor, 3 namizədlik dissertasiyası müdafiə olunub. 4 nəfər elmlər doktoru, 6 fəlsəfə doktoru da hazırlanır.

Bizim əməkdaşlarımızın elmi məqalələri beynəlxalq nüfuzlu jurnallarda dərc olunur. BDU-nun bu laboratoriyasının aldığı 5 qrant layihəsinin dəyəri 5 milyon ABŞ dollarıdır. Bu da o deməkdir ki, dünya birliyi təkcə bizim iqtisadi potensialımızı tanımır, həm də intellektual potensialımıza sərmayə qoyur.

- Hazırda hansı elmi tədqiqatla bağlı araşdırmalar aparırsınız?

- İndiyə kini bir çox beynəlxalq layihələrin iştirakçısı olmuşam. Kanada, Türkiyə, Ukrayna, Səudiyyə Ərəbistanının elmi mərkəzləri, MDB ölkələrinin Beynəlxalq İnnovasiya Mərkəzi, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatların keçirdiyi layihələrə qatılmışam. Bir ay əvvəl isə İSESCO-nun maliyyəsi ilə nanohissəciklərlə bağlı yeni fərdi layihənin icrasına başlamışam. Həmçinin, elmlər doktorluğu üzrə işimi aparıram. Bu yaxınlarda Türkiyənin Hacettepe Universitetində elmi araşdırmalara başlayacağam.

- Gənc qız üçün elmlə məşğul olmaq darıxdırıcı deyil ki? Axı, əksər hallarda bu yaşlarda gənclər daha çox yüngül işlər tapır, əylənməyə üstünlük verir?

- Hər kəsin bir həyat yolu, bir seçimi var. Bu da mənim yolumdur. Bundan sonra mənim incəsənət sahəsində işləməyim, biznesə qoşulmağım qeyri-mümkündür. Maliyyə imkanları daha yaxşı olan işlə məşğul olsan belə, zövq ala bilmirsən. Elmi yeniliyin verdiyi zövqü ayrı heç nədən almaq olmur. Elə elmi işlər olur ki, onları reallaşdırmağı bacaranda çox sevinirik. Bir elmi məqalənin Amerikada, İngiltərədə dərcini görmək insanı qanadlandırır. Axı, alimin gördüyü işin elmi etirafı, dəyəri olmalıdır.

- Xarici ölkələrdə çox olmusuz. Həmişəlik hansısa xarici ölkədə işləmək təklifini necə dəyərləndirərdiniz?

- 10 il əvvəl azərbaycanlı alimlərin özlərini təsdiq etməsi üçün imkanlar az idi. Ona görə də bir çox alimlər öz tədqiqatlarını xarici ölkələrdə aparırdı. Bu gün isə Azərbaycanda istənilən elmi araşdırma üçün gözəl şərait yaradılıb. Alimlərimizin öz işləri ilə beynəlxalq səviyyəyə çıxmaq imkanları var. Yalnız xarici ölkədəki təcrübəni öyrənib tətbiq edə bilərik. Mənim üçün bu, böyük şərəfdir. Lakin haradasa xaricdə çalışıb həmin ölkənin elmi uğurlarını yüksəltmək mənə qətiyyən cəlbedici görünmür. Çünki torpağıma çox bağlı insanam. Elə buna görə də həmişə xaricə gedəndə gözüm arxada qalır. Geri qayıdanda təyyarə Bakı üzərində fırlananda, elə sevinirəm ki... Ona görə də birdəfəlik xaricə köçüb orada işləyib-yaşamaq təklifinə qarşılıq vermərəm./// bakupost.az

OXŞAR XƏBƏRLƏR