Prezident paytaxt məktəblərində olub

Prezident paytaxt məktəblərində olub
Bütün Xəbərlər
21:42 14.09.2011
1616

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakının Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonlarında orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Prezident əvvəlcə Sabunçu qəsəbəsindəki 170 saylı orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış olub. Burada həyata keçirilən əsaslı təmir və bərpa işləri barədə dövlət başçısına məlumat verilib. Hazırda məktəbdə 900 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Ümumi sahəsi 1425 kvadratmetr olan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ən müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Sonra dövlət başçısı Nizami rayonundakı Kamil Əliyev adına 61 saylı məktəbə gələrək, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. 960 şagird yerlik məktəbdə 650 şagird təhsil alır. Məktəbin binası Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlər planı çərçivəsində əsaslı şəkildə təmir olunub, tədris üçün lazımi şərait yaradılıb. Ardınca prezident İlham Əliyev Suraxanı rayonundakı Bünyadəli Qulamoğlu adına 285 saylı orta ümumtəhsil məktəbində həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, 1396 şagird yerlik məktəbdə 930 şagird təhsil alır. Dövlət Proqramı çərçivəsində məktəb əsaslı şəkildə yenidən qurulub, ayrı-ayrı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir standartlara uyğun şəkildə təmir olunub və lazımi avadanlıqla təchiz edilib. Daha sonra prezident Nəsimi rayonundakı 44 saylı məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, 1100 şagird yerlik məktəbdə 470 şagird təhsil alır. Yenidənqurma işlərindən sonra məktəb lazımi tədris avadanlığı ilə təchiz edilib. Prezident Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 saylı orta məktəbdə də olub. Dövlət başçısına məlumat verilib ki, Şagird sıxlığı nəzərə alınaraq 2011-ci ildə Dövlət Proqramına uyğun olaraq 16 əlavə sinif otağı və bir yeməkxana inşa olunub. Fənn kabinetləri, sinif otaqları ən müasir səviyyədə yenidən qurulub, kompyuter sinfi yaradılıb. Məktəbdə aparılan təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət başçısı Lökbatanda qəsəbədaxili yollarda həyata keçirilən işlərlə də tanış olub. Prezidentə məlumat verilib ki, 173 min 600 kvadratmetr qəsəbədaxili yol sahəsinə ikiqat asfalt örtüyü döşənib, 24 min kvadratmetr yol sahəsinə isə asfalt döşəmək üçün hazırlıq işləri başa çatıb. Bundan əlavə, Lökbatan qəsəbəsində 252 min kvadratmetr qəsəbədaxili yol sahəsinin asfaltlaşdırılması da nəzərdə tutulur. Qəsəbədaxili küçələrdə yol xətləri təzələnib, işıq dirəkləri yeniləri ilə əvəz edilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Piyadaların gediş-gəlişi üçün səkilər abadlaşdırılıb. Görülən işlərlə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.

OXŞAR XƏBƏRLƏR