“Bu çıxış onların kimdən sifariş aldıqlarını ortaya çıxartdı”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin AŞPA Parlament Assambleyasındakı çıxışını şərh edərkən söyləyib.
O prezident İlham Əliyevin yüz illər boyu ölkəmizdə tolerantlıq mühitin qorunub saxlanılması, Bakının dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınması, Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələrin həyata keçirilməsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib. Deputat Azərbaycanın Avropa dəyərlərinə sahib olan bir ölkə olduğunu deyib:
“Cənab prezidentin AŞPA Parlament Assambleyasının iclasındakı çıxışı Avropa standartlarında qurulmuş bir ölkənin liderinin çıxışı idi. Çıxışda insan hüquqlarının qorunması, multikulturalizmin bərqərar olması xüsusilə vurğulandı. İlham Əliyevin çıxışı bir daha onu göstərdi ki, Azərbaycan heç bir xarici dövlətin diktəsi ilə oturub-durmur və öz xarici siyasətini Avropa standartlarına uyğun təyin edir”.
Deputat Prezident İlham Əliyevin iclasda ölkəmizi gözdən salmaq istəyən qüvvələrə layiqli mesaj verdiyini də deyib:
“Hesab edirəm ki, bütün bunlar Avropada ölkəmizə qarşı yönələn müəyyən qurupların apardığı qarayaxma kompaniyasına ən tutarlı cavab idi. Çünki bu günə kimi Azərbaycana qarşı bəzi ermənipərəst qüvvələrin Avropada kompaniyaları olmuşdu. Hesab edirəm ki, ötən günkü sessiya zamanı AŞPA-nın və digər beynəlxalq təşkilatların maskaları yırtıldı və onların kimdən sifariş aldıqları ortaya çıxdı”.
Xatırladaq ki, prezident çıxışında Azərbaycana qarşı yönəlmiş həmlələrin heç bir nəticə verməyəcəyini demişdi:
“Bizim ölkəmizdə siyasi məhbus yoxdur. Sizin dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub, ya da bizim ölkəmizə qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Siz yenə də Azərbaycanı təhqir etmək niyyətindəsiniz, amma bu, uğursuz cəhddir”.
AZXEBER.COM