Qafqazinfo-ya daxil olan məlumata görə, 2010-cu ildən bəri Ukraynada fövqəladə və səlahiyyətli səfir olaraq çalışan E.Məmmədlinin digər oğlu Əkbər Mədətli Azərbaycanın ən iri sığorta şirkətlərindən olan “Atəşgah” sığortanın İdarə Heyətinin sədridir.
O, 1999-cu ildə Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat fakültəsinin Menecment ixtisasını və 2001-ci ildə Azərbaycan Dövlət İqtisad universitetinin Biznesin təşkil və idarəedilmasi fakültəsinin magistraturasını bitirib. Sığorta fəaliyyətini 2000-ci ildə “Atəşgah” SŞ-də başlayıb. “Atəşgah” sığorta şirkətində bir sıra vəzifələr tutan Ə.Mədətli 2008-ci ildə “Atəşgah” SŞ İdarə Heyətinin sədr müavini, 2012-ci ilin yanvarından isə “Atəşgah Həyat” SŞ İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Əldə etdiyimiz digər məlumata görə isə səfirin eks gəlini Gülmaliyeva Sevinc Tofiq qızı da “Meqa Sığorta” ASC –nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Qeyd edək ki, mətbuatda eks səfirin digər oğlu Anar Mədətlinin Azərbaycanın Belçikadakı səfirliyində çalışdığı yazılıb. Virtualaz.orq saytının yazdığına görə, səfirin geri çağırılmasına səbəb də elə oğlu A.Mədətlinin son vaxtlar anti-hakimiyyət çıxışlar etməkdə ittiham edilən və adı qalmaqala qarışmış digər səfirimiz Arif Məmmədovun məlum statusunu “like” etməsi olub.
Onu da əlavə edək ki, 2010-cu ildə Ukraynaya səfir təyin edilənə qədər Eynulla Mədətli Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstan İslam Respublikasında səfiri olaraq çalışıb. Bu ilin martında isə o, Kiyevdəki “Ukraina” Milli Sarayında “Lyudina roku – 2014” (“İlin adamı – 2014”) mərasiminində “İlin səfiri” beynəlxalq mükafatı nominasiyasında qalib olub. Onun bu mükafata Azərbaycanla Ukrayna arasında humanitar əlaqələrin inkişafında xidmətlərinə görə layiq görüldüyü qeyd edilib. Dünən isə prezident İlham Əliyevin imzaladığı sərəncamla onun səfir və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrinə xitam verilib.