Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT

Putin hədələdi, lakin Qərb artıq buna fikir vermir - FT
DÜNYA
09:27 06.10.2026
211
Rusiyanın nüvə təhdidləri Qərbin qərarlarına getdikcə daha az təsir göstərir və Kremlin nüvə arsenalından çəkindirmə vasitəsi kimi istifadə etmək imkanları tədricən zəifləyir. Lakin bu, göründüyü qədər yaxşı xəbər deyil.

Bu barədə "Faynənşl Tayms” nəşri yazıb.

"Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir və bunu rəqiblərinə mütəmadi olaraq xatırladır. Xüsusilə, Moskva bir neçə gün əvvəl NATO-ya bildirib ki, ərazisini qorumaq üçün nüvə silahları da daxil olmaqla, əlində olan bütün qüvvə və vasitələrdən istifadə etməyə hazırdır. Kreml bu təhdidləri Polşa ilə Litva arasında yerləşən Rusiya eksklavı Kalininqrad üçün guya mövcud olan təhlükə ilə əlaqələndirib.

Oktyabrın 1-də Vladimir Putin şəxsən bəyan edib ki, Kalininqrada hücum ediləcəyi təqdirdə Rusiya sərəncamında olan bütün silahlardan istifadə edəcək. Eyni zamanda, Rusiya prezidenti Böyük Britaniya və Fransanın nüvə silahına malik olduğunu desə də, lakin silahların sayına görə Rusiyanın heç bir rəqibinin olmadığını da bildirib.

Cəmi bir neçə il əvvəl belə bəyanatlar mütləq genişmiqyaslı beynəlxalq reaksiyaya səbəb olardı. Lakin indi Qərb ölkələri Kremlin nüvə ritorikasını daha sakit qarşılayırlar. Müəllifin fikrincə, bunun səbəbi Moskvanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başladıqdan sonra Qərbi qorxutmaq vasitəsi kimi nüvə təhdidlərindən həddindən artıq tez-tez istifadə etməsidir.

Əvvəlcə bu taktika həqiqətən də işə yarayırdı. ABŞ və müttəfiqləri eskalasiyanın nüvə qarşıdurmasına qədər yüksəlməsindən ehtiyat edərək Ukraynaya müasir silahların tədarükünə ehtiyatla yanaşırdılar. Lakin sonradan məlum oldu ki, nüvə silahından istifadə ilə bağlı beynəlxalq tabu hələ də son dərəcə güclüdür. Çin və Hindistan, xüsusilə, Rusiyanı nüvə zərbəsi endirməkdən çəkindirib. ABŞ-ın isə Moskvanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi təqdirdə müharibəyə birbaşa müdaxilə etməklə hədələdiyi hesab olunur”, - nəşr qeyd edib.
 
///axar.az///
OXŞAR XƏBƏRLƏR