Bakının Naxçıvani küçəsi ev 15, mənzil 35-də yaşayan 23 yaşlı Anar Ramiz oğlu Xəlilov ürək nahiyəsindən bıçaq yarası alıb. O, təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qanlı hadisəni törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, 22 yaşlı Seymur Həmzəyev saxlanılıb. Elə onun dindirilməsindən sonra hadisənin təfərrüatları məlum olub. Milli.Az xəbər portalının məlumatına görə, S.Əliyev ilkin ifadəsində qətlin qız üstündə baş verdiyini deyib.
Belə ki, Anarın nişanlısı öz müdirinin mobil telefonuna zəng edərkən eyni nömrəni başqa mobil operatorun prefiksi ilə (050, 055) yığıb. Həmin nömrə isə qətli törədən S.Əliyevin olub. Qızın zənginə cavab verilməyib, Seymur bir qədər sonra telefonuna tanımadığı nömrədən zəng daxil olduğunu görüb, təkrarən həmin nömrəyə zəng edir. Həmin vaxt isə Anar nişanlısı ilə birlikdə olub və qızın telefonuna özü cavab verib. Hər şey də buradan başlanıb. Anar əsəbləşərək Seymurdan niyə nişanlısına zəng etdiyini soruşub. Qarşı tərəf isə əsaslandırmağa çalışıb ki, ilk olaraq həmin nömrədən ona zəng gəlib və beləliklə onlar arasında mübahisə yaranıb.
Seymur haqlı olduğunu və zəngin ilk olaraq Anarın nişanlısından gəldiyini göstərmək üçün "Qəlyan” çayxanasının qarşısında görüş təyin edib. Seymur görüşə ehtiyat üçün “finka” bıçağını şalvarının belinə taxaraq gedib. Həmin yerə çatanda, Seymur üzünü Anara tutaraq “Buyur, bu telefon, bu da sənin nişanlının mənə etdiyi zəng“ deyərək mobil telefonu ona uzadıb. Lakin yenə də anlaşma yaranmayıb və mübahisə nəticəsində Seymur bıçağı onun ürəyinə sancıb.
Onu da əlavə edək ki, A.Xəlilov yaxın günlərdə toy etməyə hazırlaşırmış...