Qəddafi Liviyada camaatı vertolyotdan güllələtdirir

Bütün Xəbərlər
05:31 21.02.2011
2543
Tunistdə Zin əl-Abdin bin Əlinin, Misirdə Hüsü Mübarəkin devrilməsindən sonra kütləvi aksiyaların bürüdüyü daha bir ölkə - Liviyada da vəziyyət gərgin olaraq qalır. Liviyanın qərbində 42 ildir ölkəyə rəhbərlik edən Müəmmər Qəddafinin istefası tələbilə nümayişlər çərşənbə axşamından bu yana səngimir. Aksiyalarda indiyə kimi yüzdən çox adamın öldürüldüyü bildirilir. Human Rights Watsh təşkilatı ən azı 20 nəfərin Benqazi şəhərində baş vermiş toqquşmalarda həlak olduğunu xəbər verir. 

Şənbə günü Benqazi şəhərində qarşıdurmalarda öldürülmüş insanların dəfni zamanı dinc insanlara əsgərlər tərəfindən hücum edilib. Şahidlər xəbər verir ki, əsgərlər Benqaziyə qumbaraatanlardan istifadə edərək daxil olub. Onların dediyinə görə, ordu şəhəri raket və qumbaraatanlarla atəşə tutub.

Şəhər xəstəxanalarındakı həkimlərdən birinin dediyinə görə, xəstəxanaya odlu silahla qətlə yetirilmiş 45 cəsəd və 900-dən çox yaralı gətirilib. həkimin dediyinə görə, onların ən azı 90 faizi baş, ürək nahiyəsindən güllə yarası alıb.

Şahidlər şəhərdə xaos yarandığını, nümayişçilərin evlərin damından iri çaplı silahlar və snayperlərdən atəşə tutulduğunu deyir. Xarici kütləvi informasiya vasitələri ölkəyə buraxılmadığından, ölənlərin sayını dəqiqləşdirmək mümkün deyil. Liviya hökuməti ölənlərin sayı və ölkədə baş verənlər barədə məlumat vermir.

Ölkənin ikinci şəhəri Benqazidə həlak olanların sayının sürətlə artdığı xəbər verilir. Britaniyanın "The İndependent" qəzeti yazır ki, Benqazidə ölü sayı 200-ə çata bilər. Həmçinin, ölkənin digər şəhərlərində təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında toqquşmalar olduğu xəbər verilir.

"Əl Ərəbiyyə" telekanalı xəbər verir ki, Benqazidə nümayişçilərə helikopterlərdən də atəş açılır. Şəhər xəstəxanası həkimlərinin dediyinə görə, binada yaralılar üçün yer qalmasa da, adamları gətirməyə davam edirlər. Onların tam əksəriyyətinin vəziyyəti çox ağırdır.

Liviya lideri Müəmmər Qəzzafinin əmrilə şəhərə yeridilmiş hərbçilər nümayişçiləri zirehli avtomobillərlə əzir, pulemyotlardan atəşə tutur, helikopterlərdən açılan atəşlərlə vururlar.

Bundan başqa, Qəzzafi hökumətinin etiraz aksiyalarını yatırmaq üçün Afrikanın bəzi ölkələrindən pullu əsgərlər gətirdiyi də gələn xəbərlər arasındadır.

CNN telekanalının canlı efirində etiraz aksiyasının qadın iştirakçılarından biri deyib ki, "Əsgərlər bizə qışqırdılar ki, "Biz sizinləyik! Qorxmayın", sonra yaxına gəldilər və birbaşa atəş açmağa başladılar", - deyə qanlı hadisələrin şahidi bildirib: "Dünyaya, ABŞ-a üz tuturuq - xahiş edirik, bizə kömək edin. Qorxuruq ki, onlar yenə nəsə düşünərlər. Amma bizim müdafiə olunmaq üçün silahımız yoxdur. Yalnız azadlıq istəyirik, heç vaxt malik olmadığımız azadlığı. Pis, çox pis yaşayırıq, bərbad məktəblər, xəstəxanalar".

Qətərin "Əl Cəzirə" telekanalı məlumat yayıb ki, Benqazidə vəziyyət nəzarətdən çıxır. Məlumatda deyilir ki, sakinlərin üsyanının qarşısını almaq üçün göndərilmiş əsgərlər onların tərəfinə keçir. Bütün polis məntəqələri yandırılıb, asayiş keşikçiləri silahı yerə qoyub. Bəzi yerlərdə silahsız kütlə tankların yolunu kəsərək hərbçiləri öz tərəfinə keçməyə məcbur edib. Şəhərdə soyğun və talan başlayıb.

Qeyd edək ki, bir qədər öncə ölkənin şərqindəki Əl-Bayda şəhərinin nümayişçilərin əlinə keçməsi barədə xəbərlər yayılıb. Hazırda şəhərin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındığı bildirilir. Nümayişçilər onlara hücum edən iki polis nəfərini tutaraq asıb.

Bundan başqa, müxalifətçilərin ölkənin şərqindəki Əl-Bayda şəhərini də ələ keçirdiyi xəbər verilir.

Onu da qeyd edək ki, ötən həftə sonu səhər saatlarından etibarən Liviya ərazisində İnternet şəbəkəsinə çıxış bağlanıb. İnternet trafikini izləmə qurumu olan Arbor Networksun yaydığı məlumata görə, hazırda Liviya hökumətinin rəsmi saytına giriş mümkün deyil.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Liviya lideri, polkovnik Müəmmər Qəzzafini özünü təhlükəsizlik qüvvələrini yığışdırmağa çağırıb.

Amnesty İnternational təşkilatının əməkdaşı Malkolm Smart deyir ki, Liviya lideri öz qüvvələrinə etirazları nəyin bahasına olursa-olsun yatırmağı əmr edib. Ölkənin dini liderləri isə təhlükəsizlik qüvvələrini dinc sakinlərin qətlini dayandırmağa çağırıb.

Bu arada Liviyanın "Jana" informasiya agentliyinin yaydığı məlumata görə, Liviyanın xüsusi xidmət orqanları digər ərəb ölkələrindən olan və daxili siyasi gərginliyi yaratmaq məqsədi güdən onlarla adamı həbs edib.

Məlumata görə, Liviyanın bir neçə şəhərində həbs edilən Tunis, Misir, Sudan, Fələstin, Suriya vətəndaşları, eləcə də türklər xarici şəbəkənin üzvləri olub. Onlar Liviyada vəziyyəti alovlandırmaq, ölkə vətəndaşlarının təhlükəsizliyini və milli həmrəyliyi pozmaq istəyib. Həbs edilənlər əvvəlcədən hazırlanan ssenari əsasında talanlar, iğtişaşlar, sabotaj və təcavüz aktları törətməli imiş.

Bu arada Türkiyə vətəndaşlarını Liviyadan çıxarmaq üçün bu ölkəyə 3 təyyarə göndərib. Xəbər verilir ki, Benqazi və Derne şəhərlərindəki etiraz aksiyaları zamanı bəzi türk firmalarına məxsus inşaat sahələri və iş yerlərinin talan edilməsi halları Türkiyədə narahatlıqla qarşılanıb.

Türkiyənin dövlət naziri Zəfər Çağlayan bildirib ki, Liviyanın Benqazi və Derne şəhərlərində ölkə rəhbərliyi əleyhinə keçirilən etiraz aksiyaları zamanı bir neçə türk firmasının inşaat sahələri və iş yerlərində talan hadisələri qeydə alınıb. Həmin iş yerlərinə ciddi ziyan dəyib.

Xarici işlər naziri Ahmet Davutoğlu isə bildirib ki, Ankara Liviyadakı diplomatik missiyaları vasitəsilə bu ölkədəki hadisələri diqqətlə izləyir.

Liviya ilə Türkiyə arasında uzun tarixə malik dostluq əlaqələri olduğunu xatırladan Davutoğlu bu ölkədə təhlükəsizlik və əminamanlığın olmasının Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Türkiyənin xarici siyasət idarəsinin başçısı, ümumiyyətlə, Yaxın Şərqdə son həftələr ərzində baş verən hadisələrlə bağlı ümidvar olduğunu bildirib ki, bölgə xalqlarının istəkləri nəzərə alınacaq və keçid prosesi regionda xaosla nəticələnməyəcək.

"Türkiyə təcrübəsi bəzi Ərəb müşahidəçiləri tərəfindən uğurlu bir model kimi qəbul edilir.

Bu model qardaş ölkələr üçün nümunə təşkil edərsə, biz öz töhfəmizi verməyə şad olarıq. Amma hər bir ölkənin öz xüsusiyyətləri var", o bildirib.

Qeyd edək ki, nümayişçilərin istefasını tələb etdiyi prezident Muammar Qaddafi 42 ildir hakimiyyətdədir.

//Bakı-Xəbər

OXŞAR XƏBƏRLƏR