Qəddafinin 66,6 milyard dollarlıq evi “yıxıldı”

Bütün Xəbərlər
19:53 06.03.2011
1858

Liviya lideri polkovnik Qəddafiyə sadıq qüvvələrlə müxalifətçilər arasında qızğın döyüşlərin davam etdiyi barədə xəbərlər var, lakin təfərrüatlar barədə məlumatlar kifayət qədər ziddiyyətlidir.

BBC-nin məlumatına görə, neft liman şəhəri olan Ras Lanufdan paytaxt Tripoli üzərinə gedən müxalif qüvvələrə hərbi helikopterlərdən atəş açılıb. 
Son məlumatlara görə ölkənin şərqində Breqa və Ras Lanuf kimi şəhərləri ələ keçirmiş müxalifət indi də üzü qərbə - paytaxta doğru irəliləyir. 
Qızğın döyüşlərin məhz Ras Lanuf və Bin Cavad şəhərləri ətrafında getdiyi xəbər verilir. 
Xəbərlərə görə, Qəddafinin qüvvələri Bin Cavadı geri ala bilib və polkovnikin doğma şəhəri Sirteyə gedən yolda son məntəqə olan bu şəhərin geri alınması ümumi mənzərədə dönüş nöqtəsinə çevrilə bilər. 
Xəbər verilir ki, Ras Lanufdakı üsyançı mövqeləri raketlərdən və artilleriya qurğularından ağır atəşə tutulub.
Paytaxt Triplonin özündə bazar günü səhər atışma səsləri eşidilib.
Bəzi şaiyələrə görə burada söhbət Qəddafinin öz qüvvələri arasında toqquşmalardan gedə bilər. 

Bu arada Qəddafinin hakimiyyətdən getməsini tələb edən ABŞ öz gəmilərini Liviya sahillərinə bir az da yaxınlaşdırıb. Bununla belə Liviya üzərində uçuşlara qadağa qoyulması barədə söhbətlər hələ gündəlikdə deyil. 
Benqazi şəhərində mənzillənmiş müxalifət hökuməti Qəddafinin mövqelərinə hava zərbələrinin endirilməsi üçün beynəlxalq birliyə müraciət edib. 

"Azadlıq" radiosunnun məlumatına görə, Liviya lideri Müəmmər Qəddafi ayrı-ayrı Avropa ölkələrinin və ABŞ-ın banklarına milyardla dollarını etibar edibmiş. Onun öz xalqına silah yönəltməsindən sonra Avropa hökumətləri bir-bir bu hesablardakı pulları dondurmağa başlayıblar.
Bu günə olan məlumatları araşdıranda bəlli olur ki, Qəddafi pulunu daha çox Böyük Britaniyaya və ABŞ-a etibar edib. 
Üstəgəl Qəddafi İspaniyada böyük torpaq sahələri alıbmış. Özü də ölkənin ən bahalı regionlarından birində. Təxminən 7 min hektar əraziylə bağlı böyük planları da varmış. Burda qolf meydançaları, 2000 ev tikilməsi planlaşdırılırmış.      
"Azadlıq" «The Telegraph»a istinadla xəbər verir ki, Qəddafinin Britaniyada nə az, nə çox düz 32,5 milyard dollar pulu var. (Yeri gəlmişkən, Qəddafi dafi hökumətinin 20-dək təhlükəsizlik rəhbərinin də Britaniyada üst-üstə 3,3 milyard dollar pulu olduğu da deyilir). Amma hökumətin rəsmən dondurduğu məbləğ 1 milyard dollardır.  

Qəddafi ABŞ-da da böyük miqdrada pul saxlayırmış. Vaşinqton bəyan edib ki, Qəddafi və ailəsinin bu ölkədə 30 milyard dollar pulu dondurulub. 
Avstriya banklarındasa Qəddafinin 1,7 milyard, Kanadada bir qədər çox - 2,4 milyard dollarpulu dondurulub.
Beləliklə:
Britaniyada - 32.5 milyard 
ABŞ-da - 30 milyard
Kanadada  -  2.4 milyard
Avstriyada – 1.7 milyard

Ümumilikdə Qəddafinin özünün və ailəsinin təxminən  66,6 milyard dollar pulunun dondurulduğu deyilir. 

Amma bu hələ bəlli olanlardır. Onun ərəb ölkələrində və ya dünyanın başqa yerlərində nələri gizlətdiyi, nə qədər sərvətə sahib olduğu indilik məlum deyil. Ancaq indiki məbləğ də yetərincə suallar doğurur. Qəffafi bu qədər pulu hardan alıbmış?

Hesablayanda belə çıxır ki, 42 il hakimiyyətdə olan Qəddafi ildə təxminən 1,5 milyard dollar kənara pul qoyurmuş. 

Bu hələ qırağa qoyduğu. Bəs xərclədikləri?

Çadırda yaşayan Qəddafinin və ailəsinin zövqü-səfasından qalmadığı da yaxşı bəllidir. 
6 milyonluq Liviya xalqının səbr kasasını daşıransa həm də çörək dərdidir...

66 milyardı adambaşına böləndə 1100 dollar edir. 

Modern.az

 

OXŞAR XƏBƏRLƏR