Qanla tarix yazan kənd - Qaradağlı

Qanla tarix yazan kənd - Qaradağlı
KÖŞƏ
00:06 17.02.2012
2131
Röya QarabağlıÇovğun, iliklərə işləyən soyuq, titrəyən əllər, donmağa başlayan ayaqlar.... İnsanın təbiət qarşısında acizliyi.......20 il bundan əvvəl də soyuq idi. O zaman mən bələkdə isinirdim. Hətta doğmalarının ermənilər tərəfindən güllələnməsini anamdan məhz mənə görə gizlətmişdilər. Unutmayın, körpələrin də xüsusi duyumu var. Əlbəttə ki, valideynlərin bizlərə ötürdükləri hiss-həyəcanı nəzərdə tuturam. 1992-ci ildə Xocavənd əhalisi donmaqdan çox, vətənlərinin yağı əlinə keçməməsini düşünürdü. Bundan ötrü hətta canlarından keçməyə belə hazır idilər. Əhalini təhlükəsiz yerə köçürən könüllü müdafiə dəstəsinin və polis işçilərinin üzvləri qoruyurdu kəndi. Onların bu şücayəti haqda dastanlar yazmaq kifayət etməz. Lakin bu gün çoxumuz Qaradağlı kəndinin adını belə bilmirik. Gənclərə örnək olacaq qəhrəmanlıq tarixi Xocavənd rayonunun Qaradağlı kəndində yazılıb. Kəndin könüllü müdafiə dəstəsi düşmənə qarşı düz 4il 4gün mübarizə aparıb. Bu mübarizə onların heç birini qorxutmayıb. Hadisələri oxuduqca siz də bunun şahidi olacaqsınız. 1988-ci ilə qayıdaq... Qaradağlı kəndi ermənilərin məskunlaşdığı 14 kəndin əhatəsində və Xankəndinə gedən yolun üzərində yerləşir. Strateji cəhətdən çox əhəmiyyətlidir. Münaqişənin ilk günlərindən ermənilərin təxribat və təzyiqlərinə baxmayaraq kəndə heç bir kömək göstərilməyib. Kənd camaatı vətəni düşməndən qorumaq üçün könüllü müdafiə dəstəsi yaradıb. Dəstəsinin rəhbəri əslən Qaradağlıdan olan Rusiya ordusunda zabit kimi xidmət edən, baş leytenant Ədalət Məmmədov seçilib. O, Rusiyada təhsil aldığından rus dilini mükəmməl bilirdi. Hərb sahəsində də təcrübəsi böyük idi. 1990-cı ildə 3 Qaradağlı sakininin qətlə yetirilməsi silah ehtiyyatı olmayan könüllü müdafiə dəstəsini digər rayonlardan silah gətirməyə məcbur etdi. Dəstənin komandiri Ədalət Məmmədov, Əli Zeynalov və Zahid Əliyevin şəxsi tanışlıqları sayəsində Bərdə rayonun Qılınclı kəndindən ov tüfəngləri yığılaraq kəndə gətirildi. O zaman Xocavənd postunda keşik çəkən ermənilər kəndə silah yardımının qarşısını alırdılar. Bunu bilən dəstə üzvləri tüfəngləri maşınların qapı hissələrində və ərzaq məhsullarının altında gizlədərək Xocavəndə keçirməyə müvəffəq olublar. Kənddə 5 post yaradılsa da, ermənilərin təxribatlarının qarşısını almaq çox çətin idi. Hətta bir dəfə “UAZ – 469” markalı minik maşınının atəşə tutulması və 1 qaradağlı sakininin qətlə yetirilməsinə cavab olaraq Ədalət Məmmədovun rəhbərlik etdiyi əməliyyat qrupu “UAZ” markalı maşınla bərabər 6 ermənini ələ keçirib. Elmidar Bayramov, Eldar Dadaşov, Qərib Mustafayev, Rafiq Quliyev və Mirzəli Quliyevin igidlikləri sayəsində kəndə xeyli miqdarda avtomat və patron gətirilib. 1991-ci il martın 9-da Qaradağlıya edilən növbəti basqın nəticəsində fermada olan 2 kəndli qətlə yetirilib. İyunun 27-də isə daha bir faciəli hadisə törədilib, 6 nəfər fermada diri-diri yandırılıb. Oxuyanlar üçün bu adi görünə bilər. Amma təsəvvür edin ki, yandırılanlar sizin əzizlərinizdir. O zaman Qaradağlı əhalisinin nə əziyyətlər çəkdiyini anlamaq mümkündür. Bəzən düşünürəm, Mən olsam, yəqin kəndi tərk edərdim, amma onlar qorxmadılar, torpaqlarını qorudular. Onların cəsurluqları Mənə vətənpərvərlik hissini aşılayır. Vətən qarşılıqsız sevilməlidir. Kaş ki, kəndlilərimin başına gətirilən bu müsibətlər burdaca bitəydi. Amma belə olmadı. Sentyabrın 8-də Ağdamdan gələn, içərisində qaradağlılılar olan avtobus atəş obyektinə çevrildi. 7 nəfər qətlə yetirildi, 23 nəfər ağır yaralandı. Kənd əhalisi matəm içində olsa da, əzmkarlığını itirmədi. Əzizlərinin qisasını almaq məqsədi ilə Xanalı Hüseynov, Rayət Quliyev və Elnur Süleymanov ermənilərin Haşan kəndi istiqamətində əməliyyat keçirdilər. Qarabağda vəziyyət günü-gündən gərginləşirdi. Noyabrın 20-də içərisində səlahiyyətli dövlət işçiləri olan vertalyot vurulduqdan sonra kənd camaatı vəziyyətin ağır olduğunu anladı. Yalnız bu hadisədən sonra qadınlar, uşaqlar və qocaların kənddən çıxarılmasına qərar verildi. Xocavənd postunda ermənilərin keşik çəkməsi işlərə çətinlik yaratsa da, müdafiə dəstəsinin üzvləri ana və bacılarının yağı əlinə keçməməsi üçün əllərindən gələni etdilər. Beləliklə kənddə könüllü müdafiə dəstəsinin üzvləri, polis işçiləri, canını öz torpaqlarında verməyi üstün tutan bəzi yaşlılar və 11 qadın qaldı. Yanvarın ortalarından fevralın 17-nə kimi kəndə mütəmadi hücumlar olsa da, cəsur oğullarımız bunun qaşısını alırdılar. Silah-sursat ehtiyatı tükənirdi, lakin kəndə nə silah-sursat, nə də kömək göndərilirdi. Son 4 gün... Bu günlər ərzində onlar kəndimizin şanlı tarixini yazdılar. Fevralın 15-i ermənilər kəndə 5 istiqamətdən geniş miqyaslı hücum əməliyyatına keçdilər. Rus zabitlərinin də ermənilərə kömək göstərdiyi bildirilir. Həmin gün 1 nömrəli post partladıldı. 3 nəfər – məktəb direktoru Nobil Zeynalov, polis işçisi Xanalı Hüseynov, könüllü müdafiə dəstəsinin üzvü Altay Həsənov vətən yolunda şəhid oldu. 16 fevral könüllü müdafiə dəstəsinin müqavimətini qıra bilməyən düşmən geri çəkilməyə məcbur oldu. Əsgər Hüseynov, Rəşid Bayramov və Zivər Rüstəmova isə həmin gün şəhidlik zürvəsinə ucaldılar. Sabahı gün könüllü dəstənin silah-sursatı qurtarmaq üzrə idi. Bundan xəbər tutan düşmən ordusu hücumu dayandırmadan kəndin içərilərinə doğru irəlilədi. Silah olmadığından igidlərimiz əsir götürüldü. Bəylik bağı adlanan yerdə könüllülərdən 23-ü güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusuna atılaraq üstləri torpaqlandı. Onları vətən sevgisi qalib, silah yoxluğu isə məğlub etdi. Qaradağlı faciəsi əhali sayına görə ən böyük faciədir. 104 sakindən 54-ü, 14 əsgərdən 12-si, 2 ailənin hər birindən 4 nəfər şəhid oldu. 140-a yaxın uşaq yetim qaldı.Fevralın 17-i Azərbaycan tarixinə Qaradağlı kəndinin qan yaddaşı kimi həkk olundu. Qaradağlı igidləri bu yaddaşı öz qanları ilə yazdılar. Qaradağlılar bu günü matəm günü kimi qeyd edirlər, ona görə ki, həm kəndlərini, həm də əzizlərini itirdilər. Məncə bu matəm yox, Biz Qaradağlıların qürur günüdür.
OXŞAR XƏBƏRLƏR