'Qarabağ dünən, bu gün və sabah'

Bütün Xəbərlər
15:38 22.05.2012
3343

Bu gün Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Qarabağ dünən, bu gün və sabah” mövzusunda 11-ci elmi-praktiki konfrans keçirilib.

QAT-dan AZXEBER.COM-a verilən məlumata görə, konfransda tarix elmləri doktoru Kərim Şükürovun “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində inzibati-ərazi bölgüsü və əhali”, fəlsəfə elmləri doktoru Əli Abasovun “Dağlıq Qarabağ münaqişəsinin 2012-ci il dəyərləndirilməsi”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın “Şuşa Azərbaycanın milli mədəni mərkəzi kimi”, tarix elmləri doktoru Qasım Hacıyevin “Qarabağ və Gəncə tarixinə dair erməni saxtalaşdırmaları”, tarix elmləri doktoru İsmayıl Musanın “Avropa İttifaqı və Ermənistan-Azərbaycan münaqişəsi” və digər məruzələr təqdim olunub. Konfrans iştirakçıları QAT sədri Akif Nağının “Müharibənin qaçılmazlığınına dair”, politoloq Mübariz Əhmədoğlunun “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Qarabağ məsələsi”, siyasi təhlilçi Şamil Mehdinin “Qarabağın azad olunması yolları: Sülh ya hərb, demokratiya ya da diktatura” məruzələri ətrafında geniş müzakirə aparıblar. Səslənən tezislərin içərisində Azərbaycanın yalnız öz gücünə arxalanması və Rusiya amilini neytrallaşdırmaq üçün Türkiyənin rolundan istifadə olunması; müharibəni başlamaq üçün ölkə daxilində hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı anlaşmanın əldə olunması; uyğun beynəlxalq münasibətlər sisteminin yaranmasını gözləmək deyil, hərbi əməliyyatları başlamqla dünya birliyinin fakt qarşısında qoyulmasının zəruriliyi kimi fikirlər vurğulanıb.

Sonda konfransa təqdim olunmuş məruzələrin və müzakirələrin geniş icmalının çap olunması qərara alınıb. 

OXŞAR XƏBƏRLƏR