Qarabağ qazisi olan qadın əməliyyat olunmaq üçün pul tapmır - FOTOLAR

Qarabağ qazisi olan qadın əməliyyat olunmaq üçün pul tapmır -  FOTOLAR
Bütün Xəbərlər
01:56 21.04.2013
3063

Müharibə dönəmində könüllü olaraq ön cəbhəyə yollanan, döyüşlərdə yaralanmış yüzlərlə əsgərin həyatını xilas edən Qarabağ qazisi Rüxsarə Cumayeva indi özü yataq xəstəsinə çevrilib. Hər dəqiqə yaşamaq uğrunda mübarizə aparan R.Cumayeva bədənindəki dəhşətli ağrıları güclü ağrıkəsici həblərlə yüngülləşdirməyə çalışır.

Meydan hərəkatının fəal iştirakçılarından olan R.Cumayeva gənclik illərini ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə, Qarabağ uğrunda gedən savaşa həsr edib. O, hazırda 12 yaşlı qızı Rəqsanə ilə Nəsimi rayonu, Şamil Əzizbəyov, 170, ev 7 ünvanında 10 kvadratmetr sahəsi olan darısqal bir otaqda yaşayır. Anası yataq xəstəsi olduğundan evin bütün məişət qayğıları 12 yaşlı Rəqsanənin üzərindədir.

Rüxsarə xanım bizimlə söhbətində bildirdi ki, azyaşlı övladının ana qayğısı çəkməyi onu utandırır: “Qızım kiçik yaşlarından evin qayğısını çəkməyə başlayıb. Halbuki bu yaşda onun özünə ana qayğısı lazımdır”.

Rüxsarə Bayraməli qızı Cumayeva 1968-ci ildə Zaqatala rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetində bitirib. 12 yaşında talesiz bir hadisə üzündən sağ omba nahiyəsindən zədə alıb, II qrup əlil olub. Müharibə başlayanda isə əlilliyinə baxmayaraq cəbhə xəttinə yollanıb. R.Cumayevanın çanağında ağrılar 2007-ci ildən şiddətlənib. Müharibədə tankın üstündən yıxılandan sonra, üstəlik uzun müddət əməliyyat olunmadığından R.Cumayevanın sol omba nahiyəsində də ciddi problemlər yaranıb. Artıq R.Cumayevanın sağ omba nahiyəsi də çat verib. İndi onun hər iki budunda yuxarı hissələr kəsilməli və protez yerləşdirilməlidir.

R.Cumayeva deyir ki, əməliyyatı Türkiyədə, Adana şəhərindəki Ortopediya və Travmatologiya İnstitutunda mümkündür. O, müayinənin cavablarını nəzərdən keçirən klinika həkimlərindən müsbət cavab alıb. Amma əməliyyatın həyata keçirilməsi üçün ona 28 min manat lazımdır. Bu qədər məbləğin nə özündə, nə də yaxınlarında olmadığını deyən R.Cumayeva artıq bir aydan çoxdur gününü yataqda keçirir. Əlilliyə görə aldığı müavinət isə cəmi 40 manatdır.

R.Cumayeva kömək üçün dəfələrlə Heydər Əliyev Fonduna, Səhiyyə Nazirliyinə müraciət etdiyini, ölkə başçısına teleqram vurduğunu dedi. Qızına görə narahatlıq keçirdiyini deyən R.Cumayeva ən ilginc cavabı isə Heydər Əliyev Fondundan alıb: “Məni həmin fondda Məlahət xanım adlı bir işçi qəbul etdi. O. xəstəliyimə siyasi don geyindirmək istədi. Mən də dedim ki, kiminsə diktəsi ilə kiməsə yaltaqlanan adam deyiləm. Bundan sonra mənə dedi ki, ana öləndə uşaqlar onsuz da böyüyürlər. Bir də əlavə etdi ki, fondun kimisə əməliyyata göndərməyə imkanı yoxdur”.

Yaşadığı mənzilin otağı və dəhlizləri darısqal olduğundan, həm də artıq ayaq üstündə dayana bilmədiyindən Qarabağ qazisi ayaqyoluna iməkləyə-iməkləyə gedir. Döşəmənin üstündə sürünəndə şəklini çəkmək istədik. Etiraz etdi. Dedi ki, istəmir onu sürünən vəziyyətdə görsünlər.

Hər yerdən əli üzülən R.Cumayevaya yardım məqsədilə facebook sosial şəbəkəsində səhifə yaradılıb. Səhifəyə yerləşdirilən müraciətdə deyilir: “Qarabağ qazisi Rüxsarə (Tutu) Cumayevanın səhhətində ciddi problemlər var. Əgər təcili əməliyyat olunmazsa, iflic keçirmək təhlükəsi yaranacaq. Nəzərinə çatdırırıq ki, Tutu Cumayeva birinci Qarabağ müharibəsi zamanı, ali təhsilini yarımçıq qoyaraq səhhətindəki problemlərə baxmayaraq ön cəbhəyə getmiş, son döyüşlərə qədər bir türk qadını olaraq böyük şücaət və mərdliklə son ana qədər əsgərlərimizin yanında olmuş, onlarla Azərbaycan əsgərinin həyatını xilas etmişdir. Dövlət, millət, vətən yolunda borcunu ləyaqətlə yerinə yetirən Qarabağ qazisi Tutu Cumayevanın Azərbaycan dövlətinin dəstəyinə ehtiyacı var. Nəzərinizə çatdıraq ki, hal-hazırda Tutu Cumayevanın himayəsində 12 yaşlı qız övladı vardır. Qarabağ qazisi Tutu Cumayevanın təcili olaraq əməliyyat keçirilməsi üçün 28 min AZN məbləğində vəsait tələb olunur”.

Onun müalicəsi üçün yaradılan facebook səhifəsində bank rekvizitləri və əlaqə telefonları da yerləşdirilib. İmkanlı şəxslərdən bu qəhrəman xanımın həyatını xilas etmək üçün kömək göstərmələri xahiş olunur:

Bank: Kapital Bank, 2 saylı Nəsimi rayon filialı

Ünvan: Bakı şəhəri, Şamil Əzizbəyov, 158

VÖEN: 9900003611

Telefon: 012 440 - 15- 54

Kod: 200123

Swift bik: AİİBAZ2X

M/Hesab: 0137010001944

S.A.A: Cumayeva Ruxsarə Bayraməli qızı

Hesab № 38010019441203449112

OXŞAR XƏBƏRLƏR