Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
Turun ilk oyun günündə "Qəbələ” – "Neftçi” və "Qarabağ” – "Şəfa” qarşılaşmaları keçiriləcək.
Hazırda turnir cədvəlində "Neftçi” 12 xalla ikinci, "Qarabağ” isə 10 xalla üçüncü pillədə qərarlaşıb. "Qəbələ” 4 xalla 8-ci, "Şəfa” isə 3 xalla 10-cu sırada yer alır. Qarşılaşmalar komandaların turnir cədvəlindəki mövqeləri baxımından da diqqət çəkir.
Bəs VI turun ilk oyun günündə keçiriləcək qarşılaşmalarda hansı nəticələr gözlənilir? Komandaların hazırkı forması və turnir cədvəlindəki mövqeləri oyunların gedişinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman jurnalisti Mehman Süleymanov bildirib ki, günün matçlarında "Qarabağ” və "Neftçi” favorit hesab olunur:
"Bugünkü matçların aşkar favoritləri, təbii ki, "Qarabağ” və "Neftçi”dir. Çünki onlar çempionluğa oynayan komandalardır. Amma onların rəqibləri "Qəbələ” və "Şəfa” isə Premyer Liqada yerlərini qorumaq uğrunda mübarizə aparırlar. Yəni qüvvələr nisbətini araşdırsaq, böyük fərq var. Amma "Qəbələ”də artıq yeni baş məşqçi məlumdur. Sadəcə olaraq, bu oyuna çıxmayacaq. Açıqlanıb ki, sentyabrın 20-də fəaliyyətinə başlayacaq. Buna görə də yenə də Amil Ağacanov komandanı oyuna çıxaracaq. Təbii ki, yeni baş məşqçi artıq hazırlıq prosesində iştirak edib, heyətlə bağlı hansısa müdaxilələr göstərəcək, maçı tribunada izləyəcək. Bu mənada futbolçularda yeni baş məşqçiyə özünü göstərmək üçün motivasiya olacaq və "Neftçi”ni heç də asan sınaq gözləmir”.
İdman jurnalisti "Qəbələ”nin son oyunlardakı çıxışına da diqqət çəkib:
"Qəbələnin üzərində daha yaxşı təsir bağışladığını nəzərə almaq lazımdır. Çox maraqlı oyun gözlənilir. "Neftçi” isə, təbii ki, xal itirməməlidir. Çünki "Neftçi” məğlubiyyəti nəzərə almasaq, qalan matçlarda yüz faiz nəticə göstərir. "Şəfa”ya gəlincə, "Şəfa” Premyer Liqanın debütantıdır, "Qarabağ”ın qonağı olacaq. Öz oyun nizam-intizamı ilə seçilən bir komandadır. Ümumilikdə pis təsir bağışlamır. Amma inanmıram ki, "Qarabağ”la matçda bir sensasiyaya imza ata bilsinlər”.
M.Süleymanov "Qarabağ”ın qarşıdakı matçda üstün tərəf olduğunu vurğulayıb:
"Qarabağ”sa artıq məlumdur ki, Avropada bu mövsüm oynamayacaq. Ona görə rahatlıqla bütün diqqətini çempionluğa yönəldə bilər. Bu matçda da "Qarabağ”ın 3 xal qazanacağı heç bir çətinlik çəkmədən gözləniləndir”.
Fəridə Əsədzadə











































