QARAQAN: “Əsgərlikdə məni döyüb, videomu çəkib, internetdə qoyacaqdılar...” – EKSKLÜZİV MÜSAHİBƏ

GƏNCLİK
23:57 08.10.2011
17102

Erməni snayper məni öldürəcəkdi!

Vətən üçün ölmək lazım deyil...

Bizdə qızlar azadlıqlarını uzun yubkalarında, kişilər isə bığlarının arxasında gizlədiblər.

Bizdə insanların düşüncəsi get-gedə çox bəsitləşir.

Biz sekslə tam məşğul olmuruq.

“Sabah gedək, Qarabağı alaq” desəm, inanmıram, fanatların arxamca gəlsin.

Fanatlarımın fikri mənim üçün önəmli deyil.

Biz hər gözəl qadın görəndə anamızı söyürük?

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivalla bağlı AZXEBER.COM portalı HOST qrupunun rəhbəri, tanınmış reper Elxan Qaraqandan eksklüziv müsahibə alıb. Müsahibəni olduğu kimi təqdim edirik...

-Vətənpərvərlik mövzusunda I Ümumrespublika teatr festivalı keçirilir. Səmimi etiraf et, gənc yazar kimi bu festivala qoşulardın?

Qeyd edim ki, festivalın keçirilməsini təqdirəlayiq hal hesab edirəm. Bu festivalın yaradıcı gənclər üçün uğurlu olacağına əminəm. Qaldı ki, öz iştirakıma, əgər 2 il bundan öncə belə bir festival keçirilsə idi, böyük məmnuniyyətlə iştirak edərdim. Amma hazırda işlərim çox olduğuna görə iştirak edə bilmədim.

-Bəlkə populyarlığın sənin festivala sadəcə iştirakçı kimi qoşulmağına mane olur? Yəni HOST-un məşhur lideri və birdən qalib olmadı...

Xeyr, mən bunun səbəbini belə əlaqələndirməzdim.

-Qaraqan üçün vətənpərvərlik nədir?

Mənim üçün vətənpərvərlik vətənini sevmək və ona daim sədaqətli olmaqdır.

-Vətəni sevmək yoxsa vətənə xidmək etmək?

Məncə vətəni sevmək.

“Vətən üçün ölmək lazım deyil...”

-Bir çox gənclər vətəni sevməyi mutləq şəhid olmaqda görür.

Məncə vətəni sevməyini sübut etmək üçün ölmək lazım deyil, əksinə yaşamaq vacibdir. Kor-koranə ölməkdən söhbət gedir. Yaşayaraq vətənə daha çox şey vermək olar.

-Vətən üçün yaşayan Qaraqan hərbi xidmətdə olarkən ölümlə üzləşib?

Mən hərbi xidmətimi Naxçıvanda çəkmişəm. Elə anlarım olub ki, səngərdə düşmənlə üz-üzə durmuşam. Əgər o an qarşımdakı erməni snayper sevgilisindən ayrılma xəbərini eşitsə idi, məni öldürə bilərdi.

-Belə çıxır ki, səngərdə sevgi vətənpərvərlikdən üstündür?

Bu insanların psixologiyasından asılı olan bir şeydir. Hər kəsin sevgi anlayışı müxtəlifdir.

-Bəs o xəbər sənə gəlsə idi, sən həmin snayperi öldürərdin?

Düzü bilmirəm. O anı indi təsəvvür etmək çox çətindir.

-Əsgərlikdən öncəki və sonrakı Qaraqan. Onlar fərqlənir?

Əgərlikdən əvvəl mən romantik düşüncəli biri idim. Etiraf edim ki, əsgərlikdən döndükdən sonra ümumi düşüncələrim tamam dəyişdi. Bu sadəcə düşdüyüm mühitlə əlaqər idi. Əvvəllər fikirləşirdim ki, bəzi filmlərdə gördüyüm kimi, məşhur repçi olduğuma, bəzi düşüncələrimə görə problemlərlə üzləşəcəyəm. Məni hətta döyüb ya videomu çəkib, internetdə yayımlayacaqlar. Ancaq tam fərqli oldu. Hərbi qulluqda olduğum Naxçıvanda mənə çox böyük hörmət edildi. Hətta orada olduğum müddətdə əsgər dostlarım məni ailələri ilə tanış edib tez-tez qonaq çağırırdılar. Bu məni çox sevindirdi.

-Hərbi xidmətdə əsgərlər başlarını daz edirlər. Qaraqan əsgərlikdə saçları ilə birlikdə Bakıdan gətirdiyi düşüncələri də itirdi?

Əslində mühit tam fərqli olduğu üçün bu mənim düşüncələrimdə təsirsiz ötüşmədi. Ancaq əsas odur ki, mən əsgər olaraq öz borcumu yerinə yetirmək üçün ora getmişdim.

“Bizdə qızlar azadlıqlarını uzun yubkalarında, kişilər isə bığlarının arxasında gizlədiblər.”

-Hərbi xidmətdə vətən üçün həqiqətən canından keçməyə hazır olan gənclər çox idi?

Bəli...Var idi... Lakin baxır bu pafosdan doğur ya şüurdan...Bilirsiniz, bizdə insanların bəzilərinin düşüncəsi get-gedə çox bəsitləşir. Çünki cəmiyyətimizdə qızlar öz azadlıqlarını uzun yubkalarında, kişilər isə bığlarının arxasında gizlədiblər. Bizim düşünmək problemimiz var. Gənclərdə hazırda bu problem özünü daha çox göstərir.

“Biz sekslə tam məşğul olmuruq.”

-Məsələn, gənclərdə daha çox nəyi bəyənmirsən?

Mən sizə adi misal çəkim. Bu saat Bakının ortasına yadplanetlilərə məxsus bir “tarelka” düşsə, bizim gənclər tez öz mobil telefonlarını çıxardıb onun şəklini çəkəcəklər. Ancaq bu Amerikada baş versə, gənclər üzərində “Welcome to America” - şüarı yazılan plakatlarla onları salamlayacaqlar. Bax, bizim fərqimiz budur.

-Bu fərqlilik bizim əlimizdən nələri alıb?

Çox şeylərimizi! Məsələn, hər bir gənc qız və oğlan evlənəndən sonra sekslə məşğul olurlar. Bu təbiidir. Statistikaya görə isə bizdə prezervativ satışı cəmi 0,03 faiz təşkil edir. Burdan belə çıxır ki, deməli bizim əhali sekslə məşğul olmur. Amma biz dindar ölkə də deyilik. Bir sözlə biz nə sekslə, nə də dinlə tam məşğul olmuruq.

-Qaraqan olaraq arxanda böyük gənc kütlə dayanıb. Əgər sən hansısa trekində “Sabah gedək Qarabağı alaq” desən, fanatların arxanca gələrmi?

Xeyr, inanmıram ki, gələrlər.

“Fanatlarımın fikri mənim üçün önəmli deyil.”

-Bəs fanatlarının fikri sənin üçün önəmlidir?

Xeyr, önəmli deyil. Mən istədiyimi və düşündüklərimi yazıram. Mən hətta belə deyərdim: “Əvvəl yaz, daha sonra yazdığını düşün”.

-Bu yaxınlarda müsahibələrinin birində qeyd etmisən ki, bir gündə 20 qız mənimlə yatmağa hazırdır. Həmin qızları tək-tək tanıyırsan?

Hə, hazırdılar. Qaldi ki, sualına, yox... Tanımıram...

-Sənin replərində cəmiyyətə, ailəyə, böyüyə üsyan notları var və bu da bəzi gənclərdə pessimist düşüncələrin formalaşmasına gətirib çıxardır. Treklərinin təsiri altına düşüb, ailəsindən ayrılan gənc qız Qaraqanın yanına gəlsə, Qaraqan onu qəbul edərmi?

Baxır onun ailəsinə. Birdə ki, mən bir məsələyə aydınlıq gətirim ki, replərimdə Mən heç vaxt “Ailəni burax, yanıma gəl” - deməmişəm.

“Biz hər gözəl qadın görəndə anamızı söyürük?”

-Bəzi gənclər var ki, Avropaya gedəndən sonra Azərbaycanı bəyənmirlər. Həmin gənclərə nə demək istərdin?

Bəyəm biz hər gözəl qadın görəndə anamızı söyürük? Təbii ki, o bizim anamızdır. Hər dəfə biz bu cür etinasızlıq etsək, bizim həyatımızda heç vaxt bir qadın olmayacaq. Anamız isə bizim üçün hər zaman dünyanın ən gözəl qadınıdır. Deməli Vətən də!

Söhbətləşdi: Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR