Qaxdakı vəziyyət Prezidentə məruzə olunub - İcra başçısının başı dərddə

Qaxdakı vəziyyət Prezidentə məruzə olunub - İcra başçısının başı dərddə
Bütün Xəbərlər
12:50 21.10.2015
4598

Seçki gününə sayılı günlər qaldığı bir ərəfədə regionlarda təbliğat-təşviqat prosesinə yersiz müdaxilələr barədə yerli Dairə Seçki Komissiyaları və hüquq mühafizə orqanları mütəmadi olaraq, Bakıya məlumatlar ötürürlər. 

AZXEBER.COM xəbər verir ki, gərgin seçki ab-havasının müşahidə olunduğu və ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılan dairələrdən biri də 112 Saylı Qax Seçki Dairəsidir. Belə ki, Qax rayonunda baş verən son hadisələr, təbliğat-təşviqat prosesinin gedişi və yerli icra strukturlarının fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub. 

Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, ölkə başçısına şəxsən məruzə olunan hesabat yerli hüquq-mühafizə orqanlarının və Bakıdan göndərilmiş monitorinq qrupunun hazırladığı faktlar əsasında hazırlanıb. İlham Əliyevə məruzə olunan hesabatda Qax rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşlarının, icra nümayəndələri və bələdiyyə sədrlərinin adları və qeyri-qanuni fəaliyyəti barədə ciddi məqamlar var. 

Qaxda baş verənləri birbaşa nəzarətdə saxlayan ölkə rəhbərliyi hesabatda adları hallanan yerli məmurların nəzarətə götürülməsi və seçki prosesinə müdaxilələrin qarşısının alınması barədə xüsusi tapşırıq verib. 

Qeyd edək ki, Qax rayonunun hazırkı deputatı Azər Kərimlinin yuxarı dairələrdə etimad limiti dolduğundan siyasi elita Qaxdan yeni namizədin irəli çəkilməsi barədə qərar verib. Yerli icra hakimiyyəti, xüsusən də icra başçısı Musa Şəkiliyevə bu barədə rəsmən təlimat verilməsə də, yaxın günlərdə rayonda xüsusi əməliyyatın keçiriləcəyi və icra başçısının göstərişi ilə hərəkət edərək, hakimiyyətin sürpriz namizədinə qarşı təxribatlar törətməyə cəhd göstərən yerli məmurlar barədə ciddi ölçü götürüləcək. 

Görünən odur ki, icra başçısı Musa Şəkiliyevin başı dərddədir. Belə ki, icra başçısının təlimatı ilə fəaliyyət göstərən yerli məmurlar, bəzi icra nümayəndələri və bələdiyyə sədrləri yerli hüquq mühafizə orqanlarına verdikləri məlumatda bütün təlimatların birbaşa icra başçısından gəldiyini etiraf ediblər.

OXŞAR XƏBƏRLƏR