‘Qayıqlardan birinin ipi qırılıb, adamlar suya tökülüb’ – ‘Günəşli’ yanğınının təfərrüatı

‘Qayıqlardan birinin ipi qırılıb, adamlar suya tökülüb’ –  ‘Günəşli’ yanğınının təfərrüatı
Bütün Xəbərlər
13:48 06.12.2015
3915

Bu gün Dövlət Neft Şirkətində "Günəşli" yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.

AZXEBER.COM “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib ki, yaradılan komissiyanın rəhbəri Artur Rasizadə neft şirkətinin rəhbərliyi ilə görüşüb:

“Dekabrın 4-də bərk külək oldu və çox davam etdi, 27 saat davam etdi. Küləyin uzun zaman qalması dalğanı 8-10 metrə çatdırdı. Dalğanın gücünü qaz borusu saxlaya bilmədi və partlayış oldu. Birdən-birə işıqlar sönüb, işçilər özlərini itiriblər. Amma təlimata uyğun davranaraq qayıqlardan istifadə edərək xilas olmağa çalışıblar. Belə hesab ediblər ki, dalğanın hündürlüyü çox olduğu üçün tam suya düşməyib müəyyən hündürlükdə gözləmək qərarına gəliblər. Fikirləşiblər ki, ora gələn gəmilər onları xilas edəcək. Ora çoxlu gəmi gəlsə də, heç biri dalğalara görə yaxınlaşa bilmədilər. Gecə saat 22:30 radələrinə qayıqlardan birinin ipi qırılıb, adamlar suya tökülüb. Hamısının təhlükəsizlik jileti olub. Onlardan üçü çıxarılıb, o birilər axtarılır. Digər qayıqdakılar hamısı salamat xilas olunub. İndi əsas məsələ itkin düşənləri tapmaqdır. Azərbaycanın bütün qurumlarının gəmiləri, vertolyotlar onların axtarışına çıxıb. Bizim əsas işimiz onları tapmaqdır”.

Hadisənin təxribat olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirən X.Yüsifzadə bu versiyanın həqiqətə uyğun olmadığını deyib: “Burada bir təxribat görmürəm. Təxribat olarsa, platformaya nəsə yerləşdirərdilər. Burada kəmər partlayıb. Dalğanın və küləyin gücü qaz kəmərini tərpədib və sındırıb. Hər şey ola bilər, ancaq mən təxribat versiyasına inanmıram”.

"Günəşli” yatağının 10-ci dərin dəniz özülündə baş verən hadisə nəticəsində həlak olan şəxsin adı da mətbuat konfransında açıqlanıb. Ölən şəxs Həsənov Zaur Vahid oğludur. Onun meyiti artıq ailəsinə verilib.

SOCAR-ın digər vitse-prezidenti Xaliq Məmmədov itkin düşənlərin axtarış işləri ilə bağlı məlumat verib. Onun sözlərinə görə hazırda Sərhəd Qoşunlarının 7, FHN-in isə 4 helikopteti itkin düşənlərin axtarışlarını davam etdirir:“Baş nazir Artur Rasiadə SOCAR-a gəlib, hesabatı dinləyib. Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, itkin düşənlərin axtraşına qoşulsunlar, çünki onların ərazisinə keçmiş ola bilərlər”.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev xilasetmə işləri barədə məlumat verib bildirdi ki, hava şəraitinin kəskin pis olması helikopterin platformaya oturmasına və xilasedici gəmilərin ora yaxınlaşmasına imkan verməyib: "4 helikopter və şəxsi heyət 29 nəfərin axtarış işlərini aparır. Hazırda yanğının söndürülməsi işləri də davam etdirilir".

Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağında güclü küləyin borunu sındırması nəticəsində platformada yanğın çıxıb. Orada işləyən neftçilərdən 32 nəfər xilas edilib, 30 nəfər itkin düşüb.

OXŞAR XƏBƏRLƏR