Qəhrəmanlar unudulmur! - Etibar İsmayılov, İlqar İsmayılov

Qəhrəmanlar unudulmur! - Etibar İsmayılov, İlqar İsmayılov
Bütün Xəbərlər
17:05 28.03.2012
5784

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs edib.

AZXEBER.COM da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

29 mart Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun doğum günüdür. Etibar Bəylər oğlu İsmayılov 1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. O, 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edir, Ağdam özünümüdafiə batalyonunda vuruşur, Naxçıvanik, Şelli, Xocavənd istiqamətlərində qəhrəmanlıq nümunələri göstərir. 1994-cü il yanvarın 4-də Xocavənd rayonu Qarakənd kəndi istiqamətində kəşfiyyat qrupunun tərkibində düşmənlə qeyri-bərabər döyüşə girir, axıra qədər vuruşur, güllələri qurtardıqdan sonra son qumbrası ilə düşmən tankının altına atılır, düşmənin tankını sıradan çıxarır, canlı qüvvələrini məhv edir, özü də qəhrəmanlıqla həlak olur və əsgər yoldaşlarının mühasirədən çıxmasına şərait yaradır. Cəsədi döyüş meydanında qalmışdır. Hindarx orta məktəbi onun adını daşıyır, məktəbin önündə büstü qoyulmuşdur.

İlqar İsmayılovun da doğum günüdür. İlqar Sədi oğlu İsmayılov 1959-cu il martın 29-da Bakı şəhərində anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin kapitanı rütbəsində bir çox döyüşlərdə, o cümlədən, Şuşanın Malibəyli, Meşəli kəndlərində, Ağdam rayonu ərazisindəki döyüşlərdə iştirak etmişdir. Onun rəhbərliyi altında kəşfiyyat əməliyyatları həyata keçirilmiş, ermənilər tərəfində döyüşən bir neçə xarici vətəndaş əsir götürülmüşdür. 1992-ci ilin payızında onun rəhbərlik etdiyi 128 nəfərlik dəstə düşmənə ağır zərbə vuraraq Laçın rayonu ərazisində Qızartı yüksəkliyini ələ keçirmiş, igid komandir oktyabrın 1-də qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulmuşdur.

OXŞAR XƏBƏRLƏR