QAT-ın Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 18 aprel Azərbaycanın Milli Qəhrəmanları Rasim İbrahimov və Fariz Mədətovun doğum günüdür.
Rasim Səxavət oğlu İbrahimov 1962-ci aprelin 18-də Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Çilov adasında anadan olub. O, zabit kimi Almaniyada, Azərbaycanın müxtəlif rayonlarında xidmət keçib. 1991-ci ildə Füzuli rayonunda özünümüdafiə taboru yaradır, komandirlik edir. Füzuli rayonunun müdafiəsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda ağır döyüşə girib, düşmənə ağır zərbə vurub, ermənilər əlavə qüvvə gətirdikdən sonra mühasirəyə düşüblər, yaralanıb lakin döyüşə axıra qədər rəhbərlik edib. Son nəfəsində düşmən əlinə düşməmək üçün özünü qumbara ilə partladıb və həlak olub. Cəsur komandirin son sözləri belə olub: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq”. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır, Çilov adasında abidəsi ucaldılıb, adına bağ salınıb.
Fariz Əlövsət oğlu Mədətov 1972-ci il aprelin 18-də Yevlax rayonunun Varvara kəndində anadan olub. O xüsusi təyinatlı hərbi hissənin tərkibində Qubadlı, Füzuli, Kəlbəcər, Tərtər istiqamətlərində döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, cəsur kəşfiyyatçı kimi ad çıxartmış, mühüm hərbi tapşırıqları yerinə yetirmişdir. Dəfələrlə yaralanmış, amma Milli Ordunun sıralarında qalmışdır. 1996-cı ildə yaraları incitdiyinə görə Ordu sıralarından tərxis olunmuşdur. Hazırda kapitan rütbəsində Yexlax polis orqanlarında çalışır.