Qənirə Paşayeva Mustafa Bozla görüşdü

Qənirə Paşayeva Mustafa Bozla görüşdü
Bütün Xəbərlər
16:39 29.10.2012
1105
Qənirə Paşayeva Safranboluda Türk Ocaqları başkanı Mustafa Bozla görüşüb.
AZXEBER.COM-un məlumatına görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva Mustafa Boza Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə geniş məlumatlar verib. O deyib ki, Ermənistanın Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar:
“Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir. Bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır”.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumatlar verib.
Qardaş Azərbaycanın son illərdəki sürətli inkişafından Türkiyənin son dərəcə məmnun olduğunu bildirən Karabük Türk Ocaqları başqanı Mustafa Boz Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın 20 ildən artıqdır ki Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyon Azərbaycan türkünün evinə dönməsinə imkan verməməsi məsələsinə xüsusi yer ayırmış və Türkiyənin bundan sonra da daim qardaş Azərbaycanın yanında olduğunu və Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləyəcəklərini xüsusi vurğulayıb.
Görüşdə Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində Türk Ocaqlarının 100 illiyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini bildirib. Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı “Əli bəy Hüseynzadə Turan” kitabının Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə yayılmasını yüksək qiymətləndirib.
Türk Ocaqlarının 100 illik tədbirlərinin Bakıda qeyd edilməsini və Türk Ocaqları ilə əməkdaşlıqda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin fəaliyyətini yüksək qiymətləndirən Mustafa Boz millət vəkilini Safranboluda təşkil edilən tədbirdə öz aralarında görməkdən məmnun olduğunu, əməkdaşlığın bundan sonra da davam edəcəyini və ortaq layihələrin həyata keçiriləcəyini bildirib.
Görüşdə Azərbaycan və türk diaspor təşkilatları ilə işlərin görülməsi və qarşılıqlı maraq doğuran başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Mustafa Boza Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və hədiyyələr təqdim edib və onu Azərbaycana dəvət edib.
OXŞAR XƏBƏRLƏR