"Hava şəraitinin qeyri-sabit olması, xüsusilə külək və dolu kimi hadisələr kənd təsərrüfatında məhsuldarlığa birbaşa mənfi təsir göstərir”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O qeyd edib ki, dolu tərəvəz sahələrində məhsulun böyük hissəsini məhv edə bilər:
"Dolu meyvə ağaclarının çiçəklərini və meyvələrini zədələyə, tərəvəz sahələrində isə məhsulun böyük hissəsini məhv edə bilər. Güclü külək bitkilərin sınmasına, suvarma və tozlanma prosesinin pozulmasına səbəb olur. Ümumilikdə bu kimi hava hadisələri məhsulun həm miqdarını azaldır, həm də keyfiyyətini aşağı salır.
Məhsuldarlığın azalması bazarda təklifin zəifləməsinə gətirib çıxarır. Təklif azaldıqda isə xüsusilə mövsümi məhsullarda qiymətlərin artması qaçılmaz olur”.
O vurğulayıb ki, əgər zərər geniş əraziləri əhatə edirsə, ümumi ərzaq bazarında da bahalaşmaya səbəb ola bilər:
"Əgər zərər geniş əraziləri əhatə edirsə, bu, təkcə yerli bazarda deyil, ümumi ərzaq bazarında da bahalaşmaya səbəb ola bilər. Fermerlərin itkiləri artdığı üçün onlar xərcləri kompensasiya etmək məqsədilə məhsulu daha yüksək qiymətə satmağa məcbur qalırlar. Nəticədə həm istehsalçı, həm də istehlakçı üçün iqtisadi təzyiq artır”.
Şahanə Ziyad











































